Bu il subbakalavrların ali təhsil müəssisələrinə qəbulunda müəyyən çətinliklər yaşanıb.
Belə ki, yüksək orta bal toplayan bəzi kollec məzunları universitetə qəbul ola bilməyiblər.
Hətta III ixtisas qrupunda bu göstərici sıfır olub.
“AzEdu podkast”ında təhsil tədqiqatçısı Elmin Nuri subbakalavrların ali təhsil müəssisələrinə imtahansız qəbul imkanlarının məhdudlaşdırılmamasının vacibliyini vurğulayıb.
O bildirib ki, subbakalavrlar da universitetə qəbul şanslarının olduğunu bilməlidirlər:
“Biz subbakalavrların ali təhsil müəssisələrinə imtahansız qəbulunu bu qədər məhdudlaşdırmamalıyıq. Artıq onlar da universitetə qəbul şanslarının olduğunu bilməlidirlər. Çünki kolleclərə marağı yaradan ən vacib detal məhz subbakalavrların universitetə qəbuludur. Bu qayda tətbiq olunmağa başladıqdan sonra kolleclərə maraq xeyli artdı. Bu qərardan əvvəl orta ixtisas təhsil müəssisələri nadirən seçimlərdən biri olurdu. Təbii ki, tibb kolleclərini bura istisna etmək şərti ilə.
Gəncləri motivasiya kimi kollecə gətirən yeganə səbəb universitetə açılan qapılardır. Bu yol bağlanarsa, sözsüz ki, artıq kolleclərin çox nadirən seçildiyinin şahidi olacağıq.
Ya biz kollecləri formallıqdan çıxarmalıyıq, yəni kolleclər əmək bazarı üçün öz səmərəliliyini artırmalıdır. Ya da universitetlər subbakalavrların qəbulu üçün plan yerlərini çoxaltmalıdır”.