Azedu.az

Alimlər: İnsanların niyə ağladığı hələ də tam məlum deyil

Araşdırma

14 İyul 2026, 17:25
Alimlər: İnsanların niyə ağladığı hələ də tam məlum deyil

Alimlər göz yaşlarının necə əmələ gəldiyini və hansı funksiyanı yerinə yetirdiyini izah edə bilsələr də, insanların niyə emosional səbəblərlə ağladığı hələ də tam aydınlaşdırılmayıb.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, İsveçrədəki İnsan Biologiyası İnstitutunun tədqiqatçısı Dr. Mari Bannye-Helaue bildirib ki, göz yaşı selik, elektrolitlər, su, zülallar və lipidlərdən ibarətdir. Zülallar antiviral və antibakterial xüsusiyyət daşıyır, elektrolitlər isə orqanizmin normal fəaliyyəti üçün vacibdir.

Mütəxəssislərin sözlərinə görə, göz yaşlarının üç növü var: bazal, reflektor və emosional. Bazal göz yaşı gözün daim nəm qalmasını təmin edir. Reflektor göz yaşı isə gözə toz və ya digər yad cisim düşdükdə yaranaraq gözü qoruyur.

Emosional göz yaşları isə beynin emosiyaları idarə edən mərkəzləri ilə əlaqəli mürəkkəb sinir mexanizmləri nəticəsində yaranır.

Niderlandın Tilburg Universitetinin fəxri professoru Ad Vingerhutsun sözlərinə görə, ağlama adətən tək bir hissi deyil, güclü emosional yüklənməni əks etdirir. O qeyd edib ki, yaş artdıqca ağlama daha çox empatiya ilə əlaqələndirilir və insanlar təkcə öz ağrılarına deyil, başqalarının yaşadıqlarına görə də göz yaşı tökə bilirlər.

ABŞ-nin Pittsburq Universitetinin klinik psixoloqu Loren Bilsmanın araşdırmaları göstərir ki, ağlama zamanı əvvəlcə "döyüş və ya qaç" reaksiyasını idarə edən simpatik sinir sisteminin aktivliyi artır, daha sonra isə orqanizmi sakitləşdirən parasimpatik sinir sistemi işə düşür. Bununla belə, mütəxəssislər vurğulayırlar ki, ağlama hər zaman insanın özünü daha yaxşı hiss etməsinə səbəb olmur. Bu, insanın psixoloji vəziyyətindən və ətrafındakı insanların reaksiyasından asılıdır.

Araşdırmalar həmçinin göstərir ki, emosional göz yaşları sosial siqnal rolunu oynayaraq insanların dəstək və kömək göstərmək istəyini gücləndirə bilər.

Mütəxəssislərin məlumatına görə, kişilər orta hesabla ayda 0-1 dəfə, qadınlar isə 4-5 dəfə ağlayırlar. Alimlər hesab edirlər ki, bu fərq hormonal, nevroloji və şəxsiyyət xüsusiyyətləri ilə əlaqəli ola bilər. Empatiya səviyyəsi yüksək və emosional insanlar daha çox ağlamağa meylli olurlar.

Alimlər hesab edirlər ki, göz yaşı təkcə fizioloji deyil, həm də sosial ünsiyyət vasitəsidir və insanın güclü emosional vəziyyətini ətrafdakılara çatdırmağa kömək edir.

İlham Əliyevin çıxışına Rusiyadan reaksiya - Kreml narazı qaldı
Son xəbərlərDaha çox