"50 məktəbdə təkrar monitorinq aparılıb".
AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, nazirin müşaviri Elnur Əliyev məktəblərdə aparılan keyfiyyət monitorinqinin nəticələri ilə bağlı çıxışı zamanı bildirib.
Elnur Əliyev qeyd edib ki, əvvəlki qiymətləndirmədə zəif nəticə göstərən 50 məktəbdə aparılan təkrar monitorinq zamanı bir sıra istiqamətlər üzrə müsbət dinamika müşahidə olunub.
Onun sözlərinə görə, əvvəlki dövrdə məktəblərin cəmi 4 faizində tədris prosesinin izlənməsi kafi səviyyədə olduğu halda, təkrar monitorinq zamanı bu göstərici 72 faizə yüksəlib. Belə ki, 50 məktəbdən 36-sında tədris prosesinin izlənməsi müsbət qiymətləndirilib və həmin məktəblər ən azı qənaətbəxş səviyyəyə çatıb.
Məktəblərdə qiymətləndirmə nəticələrinin təhlili ilə bağlı da müsbət dinamika qeydə alınıb. Təxminən 35-36 məktəbdə bu istiqamətdə işlərin təkmilləşdirildiyi bildirilib.
Elnur Əliyev formativ qiymətləndirmənin təşkili üzrə də irəliləyiş olduğunu diqqətə çatdırıb. Bildirib ki, əvvəlki dövrdə 50 məktəbdən yalnız 2-də bu istiqamət qənaətbəxş olduğu halda, hazırda həmin məktəblərin 24 faizində, yəni təxminən 12 məktəbdə formativ qiymətləndirmənin təşkili qənaətbəxş hesab olunur.
Bununla belə, 38 məktəbdə bu istiqamətdə işlərin təkmilləşdirilməsinə ehtiyac qalır. O, monitorinq zamanı geriləmə müşahidə olunan istiqamətlərə də toxunub. Bildirib ki, məktəblərdə şagirdlərin punktuallığının təşkili ilə bağlı müəyyən nöqsanlar var. Burada həm şagirdlərin səhər dərsə vaxtında gəlməsi, həm də hər dərs zəngindən sonra növbəti dərsə vaxtında daxil olması nəzərdə tutulur.
“Bu mədəniyyətdir. Bu punktuallıq mədəniyyəti gələcəkdə həmin insanların həyata qədəm qoyduqdan sonra iş həyatında da vacib təsir edir”, - deyə Elnur Əliyev vurğulayıb.
Onun sözlərinə görə, davamiyyətin izlənməsi istiqamətində də az da olsa geriləmə müşahidə edilib. Bu baxımdan məktəb direktorlarına xüsusi diqqət yetirmələri tövsiyə olunub.
Elnur Əliyev tədrisin keyfiyyətinin izlənməsi meyarı üzrə də müsbət dinamikanın olduğunu bildirib. Belə ki, bu istiqamətdə qənaətbəxş nəticə göstərən məktəblərin sayı 2-dən 36-ya, yəni 72 faizə yüksəlib.
O qeyd edib ki, məktəb rəhbərlərinin dərsləri müşahidə etmək və tədrisin keyfiyyətini təhlil etmək bacarıqları formalaşsa da, əsas çatışmazlıq bu prosesin sistemli aparılmamasıdır.
Elnur Əliyevin sözlərinə görə, proses sistemli şəkildə təşkil olunarsa, dərslərdə müxtəlif alət və vasitələrdən istifadə edilərək təhlillərin aparılması və ayrı-ayrı şagirdlərlə fərdi işin təşkili mümkün olacaq. Bu isə məktəblərdə tədrisin keyfiyyətinin daha yüksək səviyyəyə çatmasına imkan verəcək.