Türkiyənin İstanbul şəhərində maddi çətinlik yaşayan şagirdlərə hər ay 2 min lirə veriləcək.
AzEdu.az xəbər verir ki, İstanbulda maddi çətinlik yaşayan şagirdlərin məktəb bufetlərində istifadə edə bilməsi üçün xüsusi kartlara hər ay 2 min lirə yüklənəcək.
2026-2027-ci tədris ilində başlayan layihə çərçivəsində artıq 50 min şagirdə dəstək göstərilir. Layihənin əhatə dairəsinin 100 min şagirdə çatdırılması nəzərdə tutulur.
Şagirdlərə verilən kartlardan yalnız məktəb bufetlərində istifadə etmək mümkündür. Kartdakı vəsait nağdlaşdırıla və ya məktəbdən kənarda xərclənə bilməz.
Layihədən şəhid və qazi övladları, yetim və valideyn himayəsindən məhrum uşaqlar, əlilliyi olan şagirdlər, valideynləri ayrılmış və ya valideynlərindən biri həbsdə olan uşaqlar, eləcə də sosial risk qrupuna daxil edilən şagirdlər yararlana biləcəklər.
İstanbul valisi Davud Gül bildirib ki, layihənin əsas məqsədi şagirdlərin məktəbdə qidalanmasına dəstək olmaq, maddi səbəblərdən dərsə davamiyyətsizliyin qarşısını almaq və onların təhsil imkanlarından bərabər şəkildə yararlanmasına şərait yaratmaqdır.