Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-23 16:46:00
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Cisco” Şəbəkə Akademiyası fəaliyyətə başladı

23 yanvar 2020-ci il tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Cisco şirkəti arasında əməkdaşlıq memorandumu bağlanması məqsədi ilə mərkəzdə tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, təşkil olunmuş tədbirdə Cisco şirkətinin Azərbaycan üzrə Icraçi direktoru Ramil Eyyubov, Biznesin inkişafı üzrə menecer Fərid Zeynalov, Cisco Səbəkə Akademiyasının baş təlimçisi Emin Seyidov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov, Mərkəzin rəhbər və pedoqoji heyəti, mərkəzin təhsilalanları iştirak ediblər.

Tədbirin açılışında Mərkəzin rəhbəri Rəşad Xanlarov mərkəz və mərkəz daxilində fəaliyyət göstərəcək akademiyanın imkanları haqqında təqdimat nümayiş etdirdi, daha sonra Cisco Şəbəkə Akademiyasının Baş təlimçisi Emin Seyidov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov öz çıxışlarında akademiyanın imkanlarından və tələbələrin gələcək perspektivlərində akademiyanın nə kimi əhəmiyyət kəsb edəcəyi ilə bağlı geniş məlumat verdilər.

Tədbirin sonunda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Cisco şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalandı.

Qeyd edək ki, “Cisco Şəbəkə Akademiyası” informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq istəyən mütəxəssislər və eyni zamanda bu sahəyə marağı olan tələbələr üçün nəzərdə tutulmuşdur.  "Cisco Şəbəkə Akademiyası"nda dərslər "Cisco" şirkətinin beynəlxalq proqramına əsaslanır və peşəkar, sertifikatlı mütəxəssislər tərəfindən keçirilir. Təlim kurslarında iştirak etməklə tələbələr yeni şəbəkələr, şəbəkə inzibatçılığı, təhlükəsizlik və "bulud" texnologiyaları nəzəriyyələrini öyrənir, təqdim olunan materiallardan, təlimatçının köməyindən, praktiki laboratoriyalarda real və virtual sistemlərdən istifadə edərək, biliklərini artırırlar və rəsmi onlayn resurslarına çıxış imkanı qazanırlar.

Akademiyada təklif olunan aşağıdakı təlim kursları iştirakçılara şəbəkə inzibatçılığı sahəsində başlanğıc və yüksək səviyyəli biliklərin öyrədilməsi ilə yanaşı, onlara yeni karyera qurmaq və mövcud karyeralarında yüksəlmək üçün aşağıda qeyd olunan istiqamətlərdə geniş imkanlar yaradacaq:

Get connected

Introduction to Cyber Security

Introduction to IoT

IT Essentials

Cyber Security Essentials

Bunlarla yanaşı, keçiriləcək təlimlər sayəsində tələbələr "Cisco sertifikatlı şəbəkə mütəxəssisi" (CCNA) və ya "Cisco sertifikatlı şəbəkə peşəkarı" (CCNP) statuslarını qazanmaq üçün beynəlxalq imtahanlara hazırlaşa biləcək və real tədris laboratoriyası üzərində praktiki biliklər qazanacaqlar.

Növbəti tədris ilindən 8 ixtisasla yanaşı Cyber Security (Kiber Təhlükəsizlik) ixtisasının da fəaliyyəti nəzərə tutulub.

Qeyd edək ki, mərkəzin nəzdində yaradılmış “Cisco Şəbəkə Akademiyası”  tələbələrin və əməkdaşların informasiya-kommunikasiya texnologiyalarından (İKT) yüksək səviyyədə istifadəsi üçün hər cür şərait, maddi-texniki baza və kadr potensialı ilə təchiz olunmuşdur.