Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-11 10:33:00
Valideynlərin nəzərinə: Hazırlıq qruplarına yalnız bu sənədlərlə qeydiyyatdan keçmək olar

2019-2020-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 26-dan başlanmış elektron qeydiyyat prosesi sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınanların məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 2-dən 27-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) aparılacaq.

Hazırda valideynləri maraqlandıran məqamlardan biri də övladlarını qeydiyyatdan keçirmək üçün hansı sənədlərin tələb olunması ilə bağlıdır.

AzEdu.az xəbər verir ki, qeydiyyat proseduru 2 mərhələdən və aktivləşdirmədən ibarətdir. Birinci mərhələdə sistem valideyn və ya qanuni nümayəndəyə aşağıdakı üç sənədin əsasında onlayn qeydiyyatdan keçməyi təklif edir. Xatırladaq ki, onlardan yalnız birini seçmək olar:

-Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi;

-Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə);

-BMT QAK-ın himayə sənədi.

Valideyn və ya qanuni nümayəndələrin onlayn qeydiyyatı yalnız göstərilən sənədlər əsasında aparılır. Digər sənədlər əsasında qeydiyyatdan keçmək üçün isə şəhər və ya rayon üzrə alternativ qeydiyyat mərkəzlərinə müraciət etmək lazımdır.

Qeyd edək ki, qaydalara uyğun olaraq, məktəbəhazırlıq qruplarında məşğələlərin hər il oktyabrın 1-də başlaması nəzərdə tutulur. Valideynlər oktyabrın 1-dən övladını məktəbə gətirməlidirlər.

Məktəbəhazırlıq qruplarında təhsil alan azyaşlılar üçün noyabrın 16-dan 20-dək payız, yanvarın 27-dən 31-dək qış və mayın 1-dən 5-dək əlavə tətil nəzərdə tutulub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları