https://www.zirve.edu.az/
20.03.2019 14:33
“Nə paxlavamız, nə də şəkərburamız var”-Xaricdəki tələbələrlə Novruz sorğusu
Çap et

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur.

AzEdu.az  xaricdə təhsil alan həmyerlilərimizdən bayramı necə qeyd  edəcəklərini soruşub.

Çinin Xiamen Universitetində təhsil alan Sadiq Əhmədsoy bildirib ki, bu ölkədə Novruz bayramı xüsusi şəkildə qeyd  olunmur:

"Təəssüf ki, nə paxlavamız, nə də şəkərburamız var. Məhz buna görə də Novruz bayramı  xüsusi abu-hava yaratmır. Amma bayramlar, adətən, səfirliklər yerləşən  paytaxt şəhərlərdə qeyd olunur”.

Macarıstanın Szeged Universitetində təhsil alan  İbad Bayramov 21 martda tələbələrlə birlikdə Xorvatiya-Azərbaycan  futbol oyununa dəstək üçün Zaqrebə getməyi planlaşdırır:

"Azərbaycana papaq atsaydım, ölkədəki monoton fikirlərin dəyişməsini istəyərdim. Təəssüf ki, xalqımız bir düz cizgi üzərində yaşamağa çalışır. Xüsusilə də həyatın “universitet oxu, işə daxil ol və evlən” xətti üzərində cərəyan etməsi insanın yaradacı olmasını, əsl  istedadının ortaya çıxmasını mümkünsüz edir".

İtaliyanın Boloniya Universitetinin tələbəsi Ellada Məmmədli bayramda xüsusi heç nə etməyəcəyini qeyd edib:

“Novruz bayramı haqqında heç nə planlaşdırmamışıq. Amma yəqin ki, azərbaycanlı tələbələrlə bir araya gələrək qeyd edərik”.

 Hollandiyanın Tilburq Universitetində təhsil alan Səbuhi Osmanov, ali təhsil müəssisəsində 1 ildir ki, təhsil aldığını vurğulayıb:

"Həyatımda ilk dəfə Novruz bayramını keçirməyəcəyəm. Çünki, dərslərimiz ağırdır və burada bayram abu-havası yoxdur”.

Macarıstanın Szeged Universitetinin tələbəsi Fərid Hüseynov da bayramda Xorvatiyaya gedəcəyini söyləyib:

“Novruz bayramı Azərbaycan-Xorvatiya  oyunu ilə üst-üstə düşdüyü üçün, dostlarımla birgə həm futbol üzrə milli yığma komandamıza dəstək olmaq, həm də oyunu izləməyə gələn digər həmyerlilərimizlə bayramı qeyd etmək məqsədilə Zaqreb şəhərinə gedəcəyik.

Əgər vətənimə papaq atsaydım, Azərbaycan üçün xeyirli və uğurlu bir il olmasını və atılan papaqdan hər cür imkanlarla təmin edilən savadlı, dünyagörüşlü,  gənclərin çıxmasını arzu edərdim”.

Macarıstanın Debreçen Universitetində təhsil alan Ataş Kərimov dərslərin çoxluğundan narahatlıq keçirdiyini dilə gətirib:

“Dərslər o qədər  çoxdur ki, bayramı qeyd etməyə vaxt yoxdur. İmtahan ərəfəsi olduğu üçün daha çox dərs oxumağa zaman ayırıram”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları