“Təhsilin əlçatan, keyfiyyətli olması və hər bir vətəndaş üçün bərabər imkanlar yaratması əsas hədəflərimizdəndir”.
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı Dövlət Universitetində keçirilən “Təhsildə yeni çağırışlar VII Beynəlxalq Forum”da çıxışı zamanı deyib.
Emin Əmrullayev bildirib ki, artıq yeddinci dəfə keçirilən forum təhsil sahəsində açıq və işgüzar müzakirələr üçün mühüm platformaya çevrilib.
“Artıq yeddinci dəfədir ki, bu tədbiri keçiririk və hər il belə açıq və işgüzar müzakirə mühitinin yaradılması, inanıram ki, həm bizim, həm də sizin üçün çox faydalı imkandır.
Bu münasibətlə tədbirə ev sahibliyi etdiyi üçün Bakı Dövlət Universitetinə dərin minnətdarlığımı bildirirəm.
Bugünkü müzakirə olunacaq məsələlərə keçməzdən əvvəl bəzi fikirlərimi bölüşmək istəyirəm. Yəqin ki, gün ərzində bu məsələlər daha ətraflı müzakirə olunacaq.
Elm və Təhsil Nazirliyi olaraq bu məsələlərlə bağlı mövqeyimizin də müzakirələr zamanı nəzərə alınmasını, tənqid edilməsini və əlavə fikirlərin səsləndirilməsini istərdim.
İlk növbədə qeyd edim ki, təhsildən danışarkən onun əlçatan olmasını, yəni insanların təhsil almaq üçün imkanlarının yaradılmasını nəzərə almalıyıq. Çünki təhsil varsa, amma vətəndaşlar üçün əlçatan deyilsə, burada təhsilin mənası nədir?
Eyni zamanda, təhsilin keyfiyyətindən və hər bir vətəndaş üçün bərabər imkanların yaradılmasından danışırıq.
Nazirlik olaraq çalışırıq ki, bu üç əsas istiqamət - təhsilin əlçatanlığı, keyfiyyəti və hər bir vətəndaş üçün bərabər imkanların yaradılması təmin edilsin.
Bu imkanların həm bölgələrdə, həm paytaxtda, müxtəlif səviyyədə bilik və səriştəyə malik, müxtəlif qrupları təmsil edən vətəndaşlarımız üçün bərabər şəkildə yaradılmasına çalışırıq”.