“Məktəbin ən vacib müzakirə mövzusu şagirdlərimizin öyrənib-öyrənməməsidir”.
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Təhsildə yeni çağırışlar VII Beynəlxalq Forum”da çıxışı zamanı deyib.
Emin Əmrullayev bildirib ki, təhsil sistemində əsas diqqət şagirdlərin öyrənmə nəticələrinə yönəlməlidir.
“Əsas məsələlərdən biri ondan ibarət deyil ki, artıq bütün problemlərimiz həll olunub. Əgər biz düşünürüksə ki, sabah heç bir problemimiz olmamalıdır, məktəbə münasibətimizi dəyişməliyik.
Burada ikinci vacib, məncə, bazis məqamlardan biri təhsili sistem kimi başa düşməkdir. Təhsil nizamlı bir sistemdir. Çox sadə şəkildə desək, müəllimin 45 dəqiqə ərzində dərs üçün nəzərdə tutulan təlim nəticələrini, yəni həmin müddətdə şagirdə çatdırılmalı olan bilik və bacarıqları formalaşdırması əsas məsələlərdəndir.
Bunu necə çatdırmaq, hansı üsullardan istifadə etmək, müxtəlif fənlər üzrə hansı metodların tətbiq olunması – bunlar ayrıca müzakirə mövzusudur.
Amma bu, məsələnin mahiyyətini və məqsədini dəyişmir. 45 dəqiqənin, günün, ayın və ya ilin sonunda məktəblər, müəllimlər və valideynlər əmin olmalıdırlar ki, şagirdlər öyrəniblər.
Yəni öyrənmə prosesi başlayır. Məncə, bu, çox vacib məqamdır. “Şagirdlər öyrənibmi?” sualının cavabı “bəli”dirsə, proses irəliyə doğru gedir.
Əgər “şagirdlər öyrənibmi?” sualını ümumiyyətlə cavablandırmadan yalnız şagirdin ətrafındakı məsələləri müzakirə ediriksə, başqa mövzulardan danışırıqsa, özümüzü müqayisə ediriksə və şagirdlər kənarda qalırsa, bu, doğru yanaşma deyil.
Təhsilin mahiyyəti, mərkəzi və bütün məqsədi şagirdlə bağlıdır. Bu, mənə görə, çox vacibdir.
Əgər siz gündəlik müzakirələrə, ictimaiyyət arasında səsləndirilən fikirlərə baxsanız, mənim şəxsi qənaətim budur ki, buradakı müzakirələrin bəlkə də 50 faizindən azı şagird haqqındadır. Daha çox böyüklər, insanların öz problemləri və onların şəxsi gündəliyi haqqında danışılır. Bu, insana xas xüsusiyyətdir və aydındır.
Amma mən sadəcə olaraq hansının daha faydalı olduğunu qabartmaq istəyirəm. Bu, məsələyə münasibət məsələsidir. Bizim məktəbimizin ən vacib müzakirə mövzusu şagirdlərimizin öyrənib-öyrənməməsidir”.