Dünən Fiziki tərbiyə fənni üzrə təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi keçirilib. Müsahibə mərhələsində iştirak edən müəllimlərdən biri də Şirvan şəhər E. Süleymanov adına 10 nömrəli tam orta məktəbin idman müəllimi Xudiyev İlkin Habil oğludur.
AzEdu.az İlkin müəllimlə əlaqə saxlayaraq onun sertifikatlaşdırmanın test və müsahibə mərhələsi ilə bağlı təəssüratlarını öyrənib.
O, 3 may 1989-cu ildə Şirvan şəhərində anadan olub. 2016-cı ildə Şirvan Dövlət İqtisadi və Humanitar Kollecinin fiziki tərbiyə müəllimliyi ixtisasına qəbul olub. 2021-ci ildə həmin ixtisası bitirib. Elə həmin il müəllimlərin işə qəbulu imtahanında iştirak edərək 60 mümkün baldan 56 bal toplayıb və Şirvan şəhər E. Süleymanov adına 10 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi kimi fəaliyyətə başlayıb.
Müəllim kimi fəaliyyət göstərdiyi müddətdə bir sıra uğurlara imza atıb. 2014-2015-ci il təvəllüdlü oğlan və qızlar arasında keçirilən respublika çempionatında məşqçisi olduğu komandalar iştirak edib. Oğlanlardan ibarət komanda üçüncü, qızlardan ibarət komanda isə birinci yerə çıxaraq respublika çempionu olub.
Bundan əlavə, atletika, stritbol- yəni 3x3 basketbol, basketbol, həndbol, futbol və voleybol üzrə zona çempionluqları əldə edib. Həmçinin Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin təşkil etdiyi şəhər turnirlərində onlarla şəhər çempionluğu qazanıb.
İlkin müəllim müəllimlərin sertifikatlaşdırılması imtahanının test mərhələsindən 55 bal toplayıb:
"Şəxsi həyatımda da peşəkar idmanla məşğul olmuşam. Şirvan futbol klubunda, daha sonra isə “İnter” futbol klubunda oynamışam. Həyatımın böyük hissəsini futbola həsr etmişəm və bu idman növü ilə peşəkar səviyyədə məşğul olmuşam.
Sertifikatlaşdırma imtahanına repetitor yanına getmədən, əsasən özüm hazırlaşmışam. Müəllimlər indiki dövrdə YouTube, kitablar və müxtəlif internet resurslarından istifadə edə bilirlər. Mən isə daha çox metodik vəsaitlərə üstünlük vermişəm. 5-ci, 6-cı, 7-ci və 9-cu siniflər üçün metodik vəsaitlərdən istifadə etmişəm.
Ümumilikdə, sertifikatlaşdırma müsabiqəsini müsbət qiymətləndirirəm. Çünki MİQ-dən sonra bildiyim bir çox məlumatın zaman keçdikcə yadımdan çıxdığını hiss etmişdim. Düşünürəm ki, bu, bir çox müəllimdə də baş verir. Sertifikatlaşdırmanın üstün cəhətlərindən biri odur ki, müəllim öz üzərində işləyir, unutduğu mövzuları və metodik yanaşmaları yenidən xatırlayır.
Bu imtahan bir tərəfdən müəllimlər üçün məcburi prosesdir, digər tərəfdən isə onların bilik bazasının yenilənməsi baxımından əhəmiyyətlidir. Ona görə də sertifikatlaşdırmanı dəstəkləyirəm. Yaxşı ki, belə bir proses var. Müəllimlər daim öz üzərlərində işləməlidirlər. Biz fiziki tərbiyə müəllimləri əsasən şagirdlərin fiziki hazırlığına, sağlam gələcəyinə və vətənpərvər ruhda böyüməsinə çalışırıq. Xüsusilə oğlan şagirdlərin gələcəyə hazırlıqlı şəkildə yetişməsində bizim də üzərimizə müəyyən məsuliyyət düşür.
İxtisasımız sırf idmanla bağlıdır. Lakin digər fənlər üzrə çalışan müəllimlərin də müəyyən müddət ərzində öz üzərlərində işləməməsi mümkündür. Sertifikatlaşdırmanın keçirilməsi isə müəllimləri bilik bazalarını yeniləməyə, əvvəl öyrəndikləri məlumatları təzələməyə sövq edir. Bu baxımdan, sertifikatlaşdırmanın keçirilməsini çox müsbət hal hesab edirəm. Mən də bu imtahanda iştirak etdiyim və yüksək bal topladığım üçün çox məmnunam. Buna görə dövlətimizə, cənab Ali Baş Komandan İlham Əliyevə və elm və təhsil naziri Emin Əmrullayevə təşəkkürümü bildirirəm.
Müsahibə mərhələsi də mənim görə çox şəffaf və yaxşı təşkil olunmuşdu. Müsahibə götürən müəllimlər, hətta bizi qarşılayan nəzarətçilər belə gülərüz və mehriban idilər. Sadəcə, müəyyən qədər həyəcanımız var idi. İnsan nə qədər savadlı və hazırlıqlı olsa da, imtahan və müsahibə zamanı həyəcanlana bilər.Müsahibə zamanı bizə fikirlərimizi sərbəst ifadə edə bilməyimiz üçün rahat mühit yaratmışdılar. Biz də bildiklərimizi və düşüncələrimizi komissiyaya rahat şəkildə çatdırdıq. Ümumilikdə, sertifikatlaşdırma imtahanını dəstəkləyirəm və prosesin şəffaf təşkil olunduğunu düşünürəm.
Şəxsən müsahibədən yüksək bal gözləyirəm. Hətta maksimum nəticə əldə edəcəyimə ümid edirəm. Çünki həm özümü səlis şəkildə təqdim etdim, həm də fəaliyyətim və əldə etdiyim uğurlar barədə ətraflı məlumat verdim. Müsahibə götürən müəllimlər də fikirlərimizi sona qədər dinlədilər. Özünü təqdimetmə, pedaqoji yanaşma və psixoloji suallar zamanı bəzi müəllimlərdən fərqli olaraq, yalnız rəsmi və qısa cavablar verməkdənsə, fikirlərimi daha əhatəli və hamının başa düşəcəyi formada ifadə etməyə çalışdım.
Mövzu ətrafında geniş məlumat verdiyim üçün düşünürəm ki, qarşı tərəfdə əyləşənlər də fikirlərimi yaxşı başa düşdülər. Buna görə müsahibə mərhələsindən yüksək bal toplayacağıma inanıram.Suallar əsasən pedaqoji istiqamətdə idi. İlk növbədə, özünü təqdimetmə sualının məqsədini belə başa düşürəm ki, burada müəllimin nitqi və ünsiyyət qabiliyyəti yoxlanılır, ona özünü ifadə etmək imkanı verilir.
Psixoloqun verdiyi suallardan biri belə idi: “Şagirdin müəllimlə əməkdaşlıq etməsi üçün müəllim nə etməlidir?”
Mən bu suala belə cavab verdim ki, ilk növbədə məktəbdə dəstəkləyici mühit yaratmalıyıq. Şagird müəllimə söz deməkdən çəkinməməlidir. Şagirdlər bizim balaca bacı və qardaşlarımızdır. Elə bir dəstəkləyici mühit yaratmalıyıq ki, şagird müəllimlə əməkdaşlıq etməkdən heç vaxt çəkinməsin.
Bu, eyni zamanda, dərs prosesinə də təsir edir. Düşünürəm ki, cavablarımı səliqəli və səlis şəkildə ifadə etdim. Qarşı tərəf də fikirlərimi dinlədi və razılığını bildirdi.Suallar çox səliqəli və yerində hazırlanmışdı, müəllimlərin pedaqoji bacarıqlarını nümayiş etdirməsinə imkan verirdi. O qədər də çətin suallar deyildi. Müəllimləri sıxışdırmaq, sözünü kəsmək kimi hallar baş vermədi. Əksinə, müəllimlərin öz fikirlərini ətraflı şəkildə izah etməsi üçün uyğun və rahat mühit yaradılıb".