Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-31 13:47:00
İlahiyyat İnstitutu ilə Türkiyənin Kırıkkale Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Türkiyənin Kırıkkale Universiteti arasında ikitərəfli əməkdaşlıq protokolu imzalanıb.

Aİİ-dən AzEdu.az-a  bildirilib ki, protokolda elm və tədqiqat sahəsində ikitərəfli əməkdaşlıq, maraq doğuran mövzularda təcrübələrdən qarşılıqlı faydalanma, birgə elmi konfrans, simpozium, seminar, elmi-tədqiqat işləri və mühazirələrin təşkili, tədris prosesindəki təcrübələrin, informasiya materiallarının, professor-müəllim heyətinin mübadiləsi nəzərdə tutulur.

İki qardaş ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən Ceyhun Məmmədov qonaqları Aİİ haqqında məlumatlandırıb, institutun beynəlxalq əlaqələrin qurulmasına, xarici universitetlərlə əməkdaşlığa böyük önəm verdiyini bildirib. Qeyd edib ki, institutda tədrisin keyfiyyətinin müasir tələblər səviyyəsində qurulması üçün Türkiyə ali təhsil müəssisələrinin təcrübəsindən yararlanmaq, universitetlərarası əlaqələri genişləndirmək məqsədilə qardaş ölkəyə səfər təşkil olunub, həmçinin Mərmərə, 29 Mayıs və Ankara universitetləri ilə əməkdaşlıq protokolları imzalanıb.

C.Məmmədov Azərbaycanda yüksək dini-mənəvi mühitin mövcud olduğunu, dövlət-din siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Türkiyə Respublikası Kırıkkale Universitetinin nümayəndə heyətinin üzvləri – İslam elmləri fakültəsinin dekan müavinləri Adem Yıldırım və Muhammet Ali Yazıbaşı, İslam elmləri fakültəsinin müəllimi Şahin Əhmədoğlu da öz növbələrində Aİİ-nin məqsəd və hədəflərini yüksək qiymətləndirərək, instituta fəaliyyətində uğurlar arzulayıblar. Onlar iki ölkə arasında münasibətlərin inkişafından razılıqlarını ifadə ediblər.