https://www.zirve.edu.az/
17.01.2019 15:17
Güclü  külək  ölkə  məktəblərinə necə təsir edib? – “Allahın işini bilmək olmaz”  

Yanvarın 17 və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində dərslər təxirə salınıb.

Paytaxt  Bakı  və bölgələrdə yerləşən təhsil müəssisələrində hava şəraitinin kəskin pisləşməsi  ilə əlaqədar qəzalı vəziyyətin yaranması ilə bağlı məlumat yoxdur. 

AzEdu.az xəbər verir ki, bu barədə paytaxt və rayon təhsil şöbələri məlumat veriblər.

Bakı Şəhər Təhsil Şöbəsinin mətbuat  katibi  Bəşarət Məmmədov mövzu ilə bağlı açıqlamasında deyib ki, hazırda Bakıda küləkli  hava hökm sürsə də, məktəblərdə ciddi narahatlıq  yoxdur: 

“Məktəblərdə tədris  dayandırılsa da,  məktəb direktorları və müavinlər hazırda öz işlərini davam etdirirlər. Məktəb binalarında dağıntı ya tələfatla bağlı bir məlumat yoxdur”. 

Qazax Rayon Təhsil Şöbəsindən AzEdu.az-a verilən məlumata görə hazırda rayonda külək və yağıntı yoxdur. Məktəblərdə dərs olmasa da, təhsil işçiləri növbəli şəkildə öz işlərini davam etdirirlər. 

Quba Rayon Təhsil Şöbəsindən verilən məlumata görə isə Qubada hava şaxta və yağışlıdır. Buna baxmayaraq, məktəb binaları üçün təhlükə yaradacaq hava şəraiti müşahidə edilmir. 

Lənkəran Rayon Təhsil Şöbəsinin rəhbəri Aslan İbrahimov havanın məktəblərə ziyan vuracaq dərəcədə kəskin olmadığını bildirib: 

“Hazırda yağışlı hava şəraiti olsa da, təhlükəli vəziyyət yoxdur. Amma Allahın işini bilmək olmaz. Hər-halda dövlət  orqanları  nəsə  bilib, belə tədbir görüblər”. 

Lerik Rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev açıqlamasında bildirib ki, kəskin hava şəraiti ilə bağlı səhər saatlarına kimi məktəblərin dam örtüyünün uçması və digər qəzalı vəziyyətə düşməsi ilə bağlı idarəyə müraciət daxil olmayıb:

“Mütəmadi olaraq, rayon ərazisindəki məktəb rəhbərləri ilə telefon əlaqəsi saxlanılır. Əgər hansısa bir hadisə baş verərsə, bununla bağlı aidiyyati qurumlara və ictimaiyyətə məlumat veriləcək”. 

Qeyd edək ki, 16 yanvarda Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəsisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.

Əmrə əsasən, hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar 2019-cu il yanvar ayının 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılır və tədrislə bağlı tədbirlər təxirə salınır.

 Rəna Nəbi