Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-14 11:00:00
Rektor şəhid ailələri ilə görüşdü - FOTO

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “20 Yanvar” faciəsində qətlə yetirilmiş şəhid ailələri ilə görüş təşkil olunub.

Aİİ-dən AzEdu.az-a verilən məlumata görə, öncə “20 Yanvar” şəhidlərinin əziz xatirəsi birdəqiqəlik ehtiram sükutu ilə anılıb.

Tədbiri giriş nitqi ilə açan İnstitutun rektoru Ceyhun Məmmədov tarixən ölkəmizdə mövcud olan milli-mənəvi mühitin qorunub saxlanılması, eyni zamanda, dini təhsil sahəsində peşəkar kadrların hazırlanması məqsədilə Prezident cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradıldığını qeyd edib. O bildirib ki, təhsil müəssisəsi gənclərin milli və vətənpərvərlik ruhunda tərbiyə edilmələri, mənəvi dəyərlərin təbliği istiqamətində müxtəlif tədbirlər həyata keçirir.

C.Məmmədov qeyd edib ki, xalqımızın qan yaddaşına silinməz faciə olaraq yazılmış “20 Yanvar”ı milli matəm, hüzn günü kimi qeyd etməyimizə baxmayaraq, bu hadisə, eyni zamanda, xalqımızın tarixində qəhrəmanlıq salnaməsidir. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha sıx birləşdirərək, millətimizin yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mücadilə əzmini bütün dünyaya bəyan etdi.

C.Məmmədov “20 Yanvar” olaylarında həlak olmuş şəhid ailələrinin və əlil düşmüş insanların daim Azərbaycanın qayğı və diqqəti ilə əhatə olunduqlarını, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. 

Bildirilib ki, ümummilli lider Heydər Əliyev “20 Yanvar” faciəsi zamanı şəhid olanların ailələrinə, sözügedən qanlı qırğında əlil düşmüş vətəndaşlarımıza diqqət və qayğısını heç zaman əsirgəməyib. Ulu Öndərin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə həmişə xüsusi diqqət yetirildiyi vurğulanıb.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxışında bildirib ki, hər il “20 Yanvar” faciəsinin qeyd edilməsi barədə Dövlət Proqramı hazırlanır və bununla bağlı olaraq müxtəlif tədbirlər həyata keçirilir. Deputat bu qan yaddaşımızı qəhrəmanlıq səhifəsi adlandıraraq, xalqımızın müstəqilliyi uğrunda mücadilə əzminin bariz nümunəsi adlandırıb. O bildirib ki, həmin dövrdə ulu öndər Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılmasına baxmayaraq, Moskvadakı mətbuat konfransında haqq səsini dünyaya bəyan etdi.

“20 Yanvar” Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması İctimai Birliyinin sədri Maral Qocaman sözügedən hadisənin canlı şahidi olduğunu bildirərək, Vətən tarixinə qanlı qırğın kimi daxil olmuş 1990-cı ilin “20 Yanvar” hadisələrində yüzlərlə insanın qətlə yetirildiyini, yaralandığını və itkin düşdüyünü, fövqəladə vəziyyət tətbiq olunanadək hərbi qulluqçular tərəfindən insanların amansızcasına qətlə yetirildiyini bildirib. O, Prezident İlham Əliyev tərəfindən şəhid olanların ailələrinə, sözügedən qanlı qırğında əlil düşmüş vətəndaşlarımıza müavinətlərin verildiyini qeyd edib.

Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri, Qarabağ veteranı Səriyyə Cəfərova bu qanlı olayın Azərbaycan xalqının iradəsini, Milli Azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini, həmin gecədə şəhid olmuş Azərbaycan oğullarının Vətənin müstəqilliyinə yol açdıqlarını diqqətə çatdırıb.