XƏBƏRLƏR

02.08.2018 10:50
“Yazı hansı hallarda sıfırla qiymətləndirilir?” – Fakültə dekanı Jurnalistikaya qabiliyyət imtahanından danışdı  

“Abituriyentlər daha çox qrammatik səhvlərə yol verirlər”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu deyib. O, jurnalistikaya qəbul üzrə keçirilən qabiliyyət imtahanlarının qiymətləndirilmə mərhələsində bir neçə il ekspert kimi iştirak edib.

“Durğu işarələri, hərf səhvləri abituriyentlərin yazılarının yüksək qiymətləndirilməsinin qarşısını alır. İkinci yerdə isə problemin, mövzunun açılması məsələsi durur. Şagirdlər həcmə üstünlük verdiklərinə görə  mövzunun mahiyyətinə varmağı unudurlar. Yazdıqları esse mövzuya ya dolayısıyla aid olur, ya da ümumiyyətlə əlaqəsi olmur. Əksər abituriyent ona təqdim olunan vərəqi doldurmaqla məşğul olur. Dövlət İmtahan Mərkəzinin ekspert qrupları da yoxlama zamanı bunu hiss edir. Yazının zəif qiymətləndirilməsinə səbəb olan amillərdən biri də budur”

Vüqar Zifəroğlu qeyd edib ki, istər bakalavrda, istərsə də magistraturaya qəbul zamanı kifayət qədər maraqlı, qeyri-adi yazılara rast gəlib:

“Magistratura pilləsinə qəbul üçün keçirilən qabiliyyət imtahanında qrammatik cəhətdən yaxşı yazılsa belə, mövzuya uzaqdan-yaxından aidiyyatı olmayan  yazıyla rastlaşmışdım. Həmin yazını sıfırla qiymətləndirdim. Minumum da olsa, mövzuyla heç bir əlaqəsi yox idi.

Dövlət İmtahan Mərkəzi hər il abituriyentlərə 200-dən yuxarı inşa mövzuları təqdim edir. O mövzularla tanış olub, üzərində düşünsünlər. Ən vacib məqam yazının mahiyyətinə vara bilməkdir. Mövzuyla bağlı dünyagörüşlərini, bilgilərini artırsınlar. Bu zaman mövzunu daha dolğun və konkret qələmə ala biləcəklər. Uzun-uzadı yazıb mövzudan uzaqlaşmayacaqlar. Onlara təqdim olunan 3 mövzu arasında seçim edərkən də tələsməsinlər. Azı 5 dəqiqə mövzular ətrafında düşünsünlər. Daha çox hansı mövzudan məlumatlıdılarsa, hansını daha yaxşı qələmə alacaqlarını düşünürlərsə, həmin mövzunu da seçsinlər. Düzgün mövzu seçimi “məqbul” qiymət almaq üçün böyük əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı avqustun 6-da keçiriləcək. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə bilərlər.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları