XƏBƏRLƏR

18.11.2019 16:52
“Bağçalar hələ də 21 il əvvəlki proqramla  işləyirlər” – Xilas yolu

Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin hər birində müəyyən strategiya, təlim proqramı tətbiq olunmaqdadır. Təhsilin digər pillələri nazirliyin nəzdində olsa da, nədənsə, məktəbəqədər təhsil müəssisələri 2011-ci ildən icra hakimiyyəti orqanlarının tabeliyindədir.

Bəs, bu strukturda idarəetmə məktəbəqədər təhsilə nə qazandırdı? Ümumiyyətlə, bu təhsil müəssisələrinin nazirliyin tabeliyinə verilməsinə ehtiyac varmı?

“Hər bağça öz bildiyi kimi işləyir”

Mövzu ilə bağlı AzEdu.az–a danışan Təhsil İnstitutunun Məktəbəqədər təhsilin kurikulumu şöbəsinin müdiri Laləzar Cəfərova bildirib ki, bu addımın məktəbəqədər təhsil üçün böyük əhəmiyyəti ola bilər:

“Bağçalar Təhsil Nazirliyinin tabeliyində olanda Rayon Təhsil Şöbələrinin nəzdində xüsusi məktəbəqədər şöbələr fəaliyyət göstərir, burada hər rayon üzrə metodist və inspektor olurdu. Onlar yerlərdə yaranan bütün yeniliklər, təlim texnologiyaları, yanaşmaların tətbiqi ilə bağlı iş apararaq müəssisələrə istiqamət verirdilər. Buna görə də ovaxtlar maddi-texniki baza zəif olsa da, təlimin səviyyəsi yüksək, məzmun daha yaxşı idi. İndi isə o xidmətlər göstərilmir. Hər bağça öz bildiyi kimi işləyir. Yaxşıları danmaq düzgün olmazdı, istənilən halda iş rəhbərlikdən asılı olaraq həyata keçirilir.

Amma pedaqoji prosesin çox aşağı səviyyədə həyat keçirildiyi bağçalar var. Onlar işə səthi yanaşır, təhsili dövlətin müəyyənləşdirdiyi səviyyələr əsasında təşkil etmirlər. Çünki məzmun sırf Təhsil Nazirliyi ilə bağlıdır. Nazirlikdə bu sahədə mütəxəssislər var. İcra Hakimiyyətlərində isə kadrlar olsa da, əksəriyyəti ixtisasçı olmadıqlarına görə, işin xüsusiyyətini bilmirlər.

Məktəbəqədər təhsil tədrisin ilkin mərhələsidir. Məhz təhsilin bir mərhələsi olduğuna görə, bilavasitə Təhsil Nazirliyinə tabe olmalıdır. Hazırladığımız indiki məzmun  məktəbin I sinfi ilə əlaqədardır, varisliyi gözləyir və rahat keçidi təmin edir. Bu işlərin nazirliyin nəzarətində olması daha məqsədəuyğun olardı”.

“Bakı bağçaları hələ də 21 il əvvəlki proqram əsasında işləyir”

Laləzar xanım məktəbəqədər təhsil müəssisələrinin birvaxtlar Təhsil Nazirliyinin tabeliyində olması, sonradan İcra Hakimiyyəti orqanlarının nəzdinə verilməsini belə izah edib:

“Prezidentimiz bağçaları İcra Hakimiyyətlərinin tabeliyinə verərkən maddi – texniki bazanı nəzərə aldı. Çünki nazirliyin bazası İcra Hakimiyyəti ilə eyni səviyyədə deyil, qidalanma təminatı zəif idi. Düşündülər ki, heç olmasa, hər İcra Hakimiyyəti tabeliyindəki rayonun məktəbəqədər təhsilinin normal vəziyyətə gətirilməsinə nail olsun. Qeyd edim ki, hər rayonda təchizat eyni səviyyədə deyil. Amma əsas odur ki, bu halda məzmun baxımından geri qalırıq. Halbuki bütün təhsilimiz bağçaların üzərindədir. Məktəbəqədər təhsil sağlam şəkildə qurulmalıdır.

2010-cu ildə Məktəbəqədər təhsilin dövlət strategiyası tətbiq olundu. Bununla məktəbəqədər təhsilin kurikulumu təsdiqləndi.  Üstəlik, İcra Hakimiyyətinin əvvəlki rəhbərliyi Bakıda bu proqramın həyata keçirilməsinə imkan vermədi.

Təsəvvür edin, Bakı bağçaları hələ də 21 il əvvəlki, 1998-ci ildəki proqram əsasında işləyir. Nəinki 20, 5 il öncəki uşaqlarla da indikilər eyni səviyyədə deyillər. Onların intellekti daim inkişaf edir.

Bağçalarda yeni texnologiyaların tətbiqi arxa plandadır. Buna görə də onlar nazirliyin tabeliyinə verilməlidir. Yəqin, nazirlik respublika bağçalarında eyni məzmunun əhatə olunasına diqqət edəcək”.

“Bağça müəllimlərinin işə qəbulu nazirlik tərəfindən müsabiqə yolu ilə keçirilməlidir”

“Bağçam” uşaq bağçaları şəbəkəsinin rəhbəri Rasif Dünyamalıyev isə AzEdu.az-a açıqlamasında xüsusilə də bağçalara işçi qəbulu prosesini İcra Hakimiyyətindən almaq lazım olduğunu bildirib:

“Məktəbəqədər təhsil müəssisəsinin mülkiyyətçisi İcra Hakimiyyəti ola bilər. Bu, problem deyil. İcra başçısı ayrı-ayrı yerlərdə dövlət maraqlarını müdafiə edən şəxsdir. Dövlət öz əmlakına nəzarət hüququnu bu şəxsə verib. Amma təhsil müəssisəsinin işi hansı formada təşkil olunub? Onu icra başçısına həvalə etmək nə dərəcədə düzgündür?

Bu işlə ölkənin təhsili icra edən orqanı – Təhsil Nazirliyi məşğul olmalıdır. Nazirlik bağçanın tədris proqramını tərtib etməli, ona nəzarət etməli, bağçanın pedaqoji heyətini seçməlidir. Müəllimlərin işə qəbulu kimi bu da nazirlik tərəfindən müsabiqə yolu ilə həyata keçirilməlidir”.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu