Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-13 16:56:00
Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzinə qəbul davam edir

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin (BDPTM) bazasında Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzinə 2019-2020-ci tədris ili üzrə tələbə qəbulu davam edir.

Peşə Təhsil Mərkəzindən AzEdu.az-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyən namizədlər iyulun 25-dək Mərkəzin rəsmi saytı vasitəsilə (http://bsiic.edu.az/) elektron qeydiyyatdan keçməlidirlər.

Müsabiqədə tam orta təhsilini başa vurmuş şəxslər iştirak edə bilərlər. Texniki fənlər üzrə yüksək qiymət alan namizədlərə üstünlük veriləcək. Müsabiqə elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi və müsahibə mərhələsindən ibarətdir.

Müsahibə mərhələsində namizədlərə seçdikləri ixtisasa uyğun tapşırıqlar təqdim olunacaq və tapşırığı yerinə yetirməsi səviyyəsi qiymətləndiriləcək. Bu mərhələdə iştirak etmək üçün namizədlər şəxsiyyət vəsiqəsinin və tam orta təhsil haqqında sənədin (attestat) surətini gətirməlidirlər.

Müsabiqənin nəticələri avqustun 14-də elan olunacaq. Xatırladaq ki, mərkəz Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılan ilk pilot təhsil müəssisəsidir.

Mərkəzdə torna və frezer dəzgahların operatoru, avtomobil diaqnostikası və təmiri ustası, sənayedə quraşdırma işləri üzrə usta, elektronika ustası, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, inşaat ustası, veb-dizayner və proqram təminatçısı, avtomatika ustası ixtisasları üzrə 1 illik proqramlarda təhsil almaq imkanı var.