Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-22 09:47:00
LDU-da Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) 21 fevral- Beynəlxalq Ana Dili Günü ilə bağlı  “Azərbaycan dili və ədəbiyyat” kafedrasında keçirilən tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib.

 

Bu barədə universitetdən AzEdu.az-a bildirilib.

 

LDU-nun “Azərbaycan dili və ədəbiyyat” kafedrasının professoru Yədulla Ağazadə “Dilimiz milli sərvətimizdir” mövzusunda məruzə edib. Məruzəçi bu günün keçirilməsinin tarixi barədə danışaraq  bildirib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm, ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.

 

Məruzədə qeyd edilib ki, dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

 

Mövzu ətrafında “Azərbaycan dili və ədəbiyyat”kafedrasının dosenti Əlirza Əliyevin  ”Ulu Öndər Heydər Əliyev və Ana dilimiz” mövzusunda çıxışı dinlənilib. Çıxışda ana dilimizin inkişaf mərhələlərindən bəhs edilib, müxtəlif dövrlərdə  bu dildə yaradılan bədii irs barədə ətraflı danışılıb. Qeyd edilib ki,  Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, "xalqı xalq edən, milləti millət edən onun ana dilidir".

 

Tədbir fakültə tələbələrinin “Ana dili” mövzusunda hazırladıqları bədii kompoziya və video çarxla yekunlaşıb.

 

"Filologiya və ibtidai təhsil" fakültəsinin dekanı, dos. Elman Mirzəyev yekun çıxışında 21 fevral- Beynəlxalq Ana Dili Günü ilə bağlı fikirlərini bölüşüb,  iştirakçılara minnətdarlıq  bildirib.