Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-07 17:32:00
AzMİU-da elmi-metodik seminar keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fizika və Kimya kafedrası və universitetin İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) mərkəzinin birgə təşkilatçılığı ilə “Laboratoriya dərslərinin yeni təlim üsulları” layihəsinə həsr olunmuş elmi-metodik seminar keçirilib.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, seminarda universitetin tədris işləri üzrə prorektoru professor Akif Qasimov, elm və innovasiya məsələləri üzrə prorektoru Nigar Aslanova, professor-müəllim heyəti və digər universitetlərdən qonaqlar iştirak ediblər.

 

Seminarı açıq elan edən kafedranın müdiri professor Adil Abdullayev iştirakçıları salamlayıb və layihənin tələbələr üçün  əhəmiyyətinə diqqət çəkib.

 

Laboratoriya dərslərinin yeni təlim üsulları haqqında danışan kafedranın dosenti, layihənin rəhbəri Şəhla Əhməd qiymətləndirmə sisteminə uyğun yeni dərs vəsaitinin hazırlanmasının 3 mərhələsini (mühəndis ixtisaslarına uyğun nəzəri və təcrübi hissənin yazılması, hər təcrübənin video görüntüsünün olması və bu videoların tələbələr tərəfindən izlənməsi) və müəllimin e-jurnalına yerləşən bu təcrübələrin bir neçəsini nümayiş etdirib.

 

İKT Mərkəzinin əməkdaşı Sənan Süleymanov əyani vəsaitin tələbə kabinetindən izlənməsi prosesini mərhələli şəkildə nümayiş etdirib.

 

Laboratoriya dərs vəsaitinin üstün cəhətləri barədə danışan professor Nəbi Babayev mövcud dərsliklə yeni vəsaitin təcrübələrini müqayisəli şəkildə izah edib, bu vəsaitdə kafedranın nəzdindəki laboratoriyalarda aparılan yeni təcrübə işlərinin yer aldığını deyib. Professor video dərslərin qiyabi təhsil alan tələbələr üçün xüsusi ilə faydalı olacağını vurğulayıb.

 

Seminarda çıxış edən kafedranın gənc müəllimi Rəna Xankişiyeva laboratoriya təcrübələrinin ingilis dilində də yazılacağını, eyni zamanda video dərslərdə subtitrlərin ingilis dilində də olacağını söyləyib. O, ikili diplom proqramı ilə təhsil alan tələbələr üçün proqramın digər ölkələrin kimya proqramları ilə üst-üstə düşməsi üçün apardığı müqayisəli araşdırmaların qrafiki və zəruri dəyişiklərdən danışıb.

 

Sonda professor Akif Qasımov və professor Nigar Aslanova çıxış edərək layihənin tələbələr üçün gələcək faydalarından danışıb, belə layihələrin AzMİU-da bundan sonra da dəstəklənəcəyini qeyd ediblər.