https://www.zirve.edu.az/
28.08.2020 12:48
Qlobal “Koronageyt” - Pandemiya-COVİD-19 dövründə istefalar, yüksək vəzifəsini itirən rəsmilər

Qlobal pandemiya-COVİD-19 dövrü, həm də “koronageyt ”adlandırılan qalmaqallı hadisələrlə müşahidə olunub. Bütün dünyada son aylar karantin qaydalarını, məhdudiyyət və qadağaların pozduğu üçün  həm də yüksək vəzifə sahiblərinin öz işlərini itirməsi, bəzən könüllü, əksər vaxtlarda isə, ictimaiyyətin yaxuq opponentlərin təzyiqi ilə istefaya getmə mərhələsi olub. Pandemiyanın başlamasından tam 6 ay sonra Azərbaycanda da, karantin qaydalarına əməl edilməsi ilə bağlı rəsmi şəxslərin ilk istefası baş verdi.  Eyni zamanda,bu proseslərə münasibəti, müxtəlif ölkələrdə qaydalara əməl edilməməsinə görə istefalar və s. hadisələrə cəmiyyətin, eləcə də, müxtəlif tərəflərin reaksiyasının fərqli olması maraqlı təhlil mövzusu ola bilər.

 Müqayisəli təhlil üçün dünya ölkələrində baş verən analoji proseslərə nəzər salmaqla, Azərbaycanda ictimai və fərdi reaksiyaların xüsusiyyətlərinə baxmaq olar. Qadağaları pozma səbəblərindən asılı olaraq, həmin hadisələr, dilimizdə uyğun səslənməsə də, “golfgate, sea-dənizgate, restoranqeyt, toygeyt”lər kimi adlandırıla bilər.

 

“Golfgate”- İrlandiya koronavirus qalmaqalı. Bu günlərdə Avropa Birliyinin Ticarət işləri üzrə komissarı, əslən irlandiyalı Fil Hoqan( Phil Hogan) rəsmi koronavirus qaydalarını pozaraq, County Galvey adlanan məkanda qolf oyununda, “kütləvi şam yeməyində” iştirak edib.O, həmçinin, səyahət məhdudiyyətlərinə məhəl qoymamaqda, maşın sürərkən mobil telefonunda danışmaqda ittiham olunur. Avropa Komissiyası  işin bütün təfərrüatlarını araşdırmaqdadır. "Euronews" xəbər agentliyi qeyd edir ki, Avropa Ticarət Komissarının ehtimal olunan istefası, hazırkı məqamda,Vaşinqton və London arasında vacib danışıqlar zamanı Brüssel üçün böyük bir siyasi problem yarada və Avropa Birliyi daxilindəki koordinasiyanı poza bilər.

 

Fil Hogan karantin tədbirlərini pozduğu üçün istefa tələbləri ilə ilə üzləşib. İstefa çağırışlarına cavab verməkdən boyun qaçıran komissar sadəcə “bir qolf oyununda iştirak etdiyinə görə "çox üzüldüyünü" söyləyib. Çərşənbə günü “County Galvay”adlı otel restoranında keçirilən tədbirdə bir neçə məşhur İrlandiya siyasi xadimi, bir hökumət naziri, senatorlar və Ali Məhkəmənin hakimi iştirak edib.

 

Məsələ burasındadır ki, F.Hoqanla görüşün bəzi iştirakçıları koronovirusla bağlı məhdudiyyətlərin tətbiqinin məhz təşəbbüskarları olub. Üstəlik də axşam yeməyi İrlandiya hökumətinin COVID-19-la bağlı yeni qadağaların elan edilməsindən,  “otel və  restoranlarda rəsmi və ya qeyri-rəsmi tədbirlər və ya əyləncəli görüşlər” daxil olmaqla toplantılara qoyulan məhdudiyyətlərin elan edilməsindən bir gün sonra  keçirilib. 80-dən çox iştirakçının olduğu naharda qaydaları pozan iştirakçılar 10 nəfərlik masalarda oturub. 50-dən çox insanın görüşünə qadağa qoyulduğu üçün  təşkilatçılar otaqlar arasında bölücü “hasarlar” yerləşdirib. Qonaqlar arasında parlament üzvləri, senatorlar, Ali Məhkəmə, ədliyyə rəsmiləri, Avropa Komissiyasının üzvü və İrlandiyanın Kənd Təsərrüfatı naziri də olub. Axşam yeməyi   Kənd təsərrüfatı naziri Dara Kalleri'nin istefa verməsi ilə nəticələnib.

  

Nəticə olaraq, baş nazir Michol Martin- iqtidar partiyasından olan 3 senatorun - Fina Foil, Paul Daly, Aidan DeVitt və Niall Blarneyin səlahiyyətlərini ləğv edib. Avropa Birliyinin Ticarət məsələləri üzrə Komissarı Fil Hogan hazırda tənqid atəşi altındadır. Avropalı məmurdan, kənd təsərrüfatı nazirinin nümunəsinə əməl edərək istefa verməsi tələb edilir. İctimaiyyət və rəsmi İrlandiya F.Hoganın, Belçikadan İrlandiyaya gələrkən riayət etməli olduğu iki həftəlik karantini pozmaq hərəkətində də ittiham edir.

 

Bir həftə müddətində F.Hoqan üzr istəməklə qurtula biləcəyini düşünürdü. Avropa Komissarı etiraf edib ki,"hamı üçün  çətin bir vaxtda belə bir tədbirdə iştirak etməsi ilə vətəndaşları incitdiyinin fərqindədir”. Lakin durum çətindir və getdikcə daha çox insanları “Golfgate” işinə cəlb olunması çıxılmaz vəziyyət yaradıb. Belə ki, “Golfgate”-dən dərhal sonra, irlandiyalı fəallar "Seçim azadlığı-Koronavirus məhdudiyyətlərinə etirazlar” adlı yeni bir etiraz aksiyasını başladıb. Ədliyyə naziri Helen MakInteye, aksiyada çıxış edənlər arasında qaçqınların hüquqlarını müdafiə edən Beynəlxalq Apelyasiya Tribunalını (International Protection Appeals Tribunal (IPAT)təmsil edən vəkil Unu MasGurkun da olmasını diqqətə çəkərək, qaydaları pozmaqda ittiham edib. İrlandiyalı nazir, bu vəkilin müdafiə etdiyi müştərilərə- öz vəkillərindən hüquq müdafiəçisi kimi sanitariya normalarına əməl edilməməsi ilə bağlı şikayət verməyə çağırış da edib.[1]

 

Nəhayət, dünən, avqustun 27-də F.Hoqan  istefa verdiyini bəyan edərək deyib: “Mən bilirəm ki, qanunu pozmamışam.Lakin bir neçə səhvlər olub və onlar AB Komissiyası  və məni işdən yayındırmağa səbəb olub. Belə nəticə çıxardım ki, bizi yayındıran heç bir hərəkətə yol verməməliyik.” Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen, Tvitter səhifəsində Fil Hoganın qərarına hörmət etdiyini söyləyib,   görülən işlərə görə  ona təşəkkür edib. Eyni zamanda, Brüsselin hazırda Brexit-dən sonrakı “AB-İngiltərə münasibətləri” ilə bağlı danışıqlarda əsas fiquru kimi Ticarət nazirini təcili əvəz etməli olacaqlarını da bildirib.

 

Dünyanın miqyaslı kütləvi karantin qaydalarına görə "borclu oduğu" insanlardan biri, sərtləşdirmə  tədbirlərinin alternativsizliyini kompüter modelləşdirmələri əsasında sübut edən müəllif, London İmperial Kollecinin professoru və epidemioloqu Neil Ferqusondur. O, İngiltərədə 250 min insanın hökumətin müəyyən etdiyi karantin olmasa koronavirusdan ölə biləcəyini   bildirmişdi. Məhz onun bu tövsiyəsi əsasında, martın 23-də İngiltərənin baş naziri virusun yayılmasının qarşısını almağa yönəlmiş sərt məhdudiyyətlər elan edilməsini istəyib. Bu tədbirlərə görə “birlikdə yaşamayan cütlərə bir-birlərini görməyə icazə verilməyib”.Lakin professor Ferqyuson da məhz bu sonuncu səbəbdən- özünün dünyaya təklif etdiyi sosial məsafə qaydalarını  pozub. "The Daily Telegraph" qəzeti Fergüsonun tanışı olan xanımla iki dəfə   London ətrafında yerləşən evində görüşdüyünü bildirib. Bundan sonra o, İngiltərə hökumətinin koronovirus üzrə məsləhətçisi vəzifəsindən, Fövqəladə Hallar üzrə Elmi Məsləhət Qrupundan (SAGE)   istefa verib. [2]

    

Koronovirusla mübarizə sahəsində dünyada qabaqcıl təcrübəsi təqdir edilən Yeni Zelandiyanın Səhiyyə naziri Devid Klarkın istefa verməsi paradoks sayıla bilər. Koronavirus boyda çətinlikdə, pandemiya ilə mübarizədə qalib gələn Səhiyyə naziri, adi məsələdə- sosial məsafə qaydalarının pozmağa görə istefa verib.  Yeni Zelandiyanın Səhiyyə naziri Devid Klark koronavirus pandemiyasına görə tətbiq olunan karantin rejimi dövründə iki dəfə özünütəcrid qaydalarını pozub, ailəsi ilə birgə çimərliyə gedib. Məsələni şərh edən Baş Nazir Casinda Ardernin sözlərini sitat gətirən qəzet yazır: “Devidin qənaətinə görə, onun bu vəzifədə qalması hökuməti koronavirusla mübarizə tədbirlərindən, həmçinin səhiyyə sahəsində böyük islahatlardan yayındıra, insanların inamı azala bilər”.

 

Şotlandiya səhiyyə naziri və baş həkimi Ketrin Keldervud (Catherine Calderwood) karantin pozuntusuna görə istefa verib. Ketrin Keldervud ölkədə koronavirusla gərgin mübarizə aparıldığı dönəmdə  Şotlandiya paytaxtından təxminən bir saatlıq məsafədə olan   Edinburqdan   iki dəfə bağ evinə istirahətə gedib. Polis ona qayda pozuntusu ilə bağlı rəsmi bildiriş göndərib. Səfərlərin fotoşəkilləri mediada göründükdən sonra nazirin davranışı müxalifət nümayəndələri və ictimaiyyət tərəfindən tənqid atəşinə tutulub. Ölkə başçısı Nikola Sterjen K.Keldervudu müdafiə etməyə çalışsa da, onun istefası barədə qərar verilib. Özü bütün sakinlərə evlərini tərk etməməyi tövsiyə edən xanım Keldervud  qayda pozduğuna görə üzr istəyib: "Başqalarına verdiyim məsləhətlərə özüm əməl etmədim, çox üzr istəyirəm. Etdiyim səhv idi. Təəssüf edirəm ”deyə- keçirdiyi xüsusi brifinqdə bildirib. Üzrxahlıq tənqid hücumlarının qarşısını ala bilmədiyi üçün nazir istefasını elan edib.  İctimai qınaq fonunda vəzifəsindən istefa verib. Nazirin ölkənin şərqində yerləşən bağ evindəki istirahət zamanı jurnalistlər tərəfindən çəkilən şəkilləri “The Scottish Sun” nəşrində dərc edilib. [3]

 

Yaponiya. Koronovirusla mübarizə gedişində sosial özünütəcrid qaydalarını pozmağa görə, nəinki hazırda tutduğu  vəzifəsindən istefa verən,hətta gələcəkdə əsas namizədlərdən olduğu yüksək vəzifə şansını da itirən  rəsmi şəxslərdən biri də- Tokionun baş prokuroru Hiroma Kurokava olub. Baş prokuror Hiroma Kurokava bu hərəkəti ətrafında qalxan qalmaqal,Yaponiyada keçirilən ictimai rəy sorğusunun nəticələrinə görə hökumətə inamsızlığı 45 faizdən 64 faizə qaldırıb. Halbuki, Yaponiyanın Baş naziri Şindzo Abe ilə yaxın münasibətlərə malik olduğu deyilən H.Kurokava milli prokurorluq sistemində ikinci şəxs, ölkənin baş prokuroru vəzifəsinə isə 1-ci,əsas namizəd hesab edilirdi. H.Kurokava ölkədə fövqəladə vəziyyət rejiminin hökm sürdüyü və hökumətin insanlar arasında təması 70-80 faiz azaltmağa çalışdığı bir vaxtda tanış jurnalistin evinə gedərək onunla qumar oynamaqda ittiham olunur. Həmin vaxt orada digər jurnalistlərin də olduğu və onların da pul ilə “maconq” oyununa qatıldığı bildirilib.

 

Yaponiyada qumar oyununun qanunla qadağan olması da əsas dəlillərdən olub. Bununla yanaşı, prokurorun iştirakı ilə belə görüşlərin son üç ildə ayda iki-üç dəfə təşkil edildiyi də məlum olub. Bu oyun zamanı bir məzənnənin 20 min yen (təqribən 185 dollar) təşkil etdiyi də bildirilir. Bu qalmaqalı qızışdıran daha bir məqam isə hadisənin parlamentdə prokurorluq haqqında qanuna düzəlişlərin müzakirə edilməsi ilə eyni vaxta düşməsidir. Müxalifətin bu məsələdə qabartdığı bənddə yaş həddinin artırılması göstərilir. Həmin partiyalar bildirirlər ki, qanuna düzəlişdə məqsəd hökumətə yaxın olan H.Kurokavanın ölkənin baş prokuroru vəzifəsinə yerləşdirilməsi olub. Baş nazir Şinzo Abe yaranmış vəziyyətlə əlaqədar qanun layihəsinə yenidən baxılacağını artıq bəyan edib. H.Kurokava isə Tokionun baş prokuroru vəzifəsindən istefa verib.[4]

     

Böyük Britaniya ilə bağlı nümunədə vəziyyət bir qədər fərqlidir. Burada Britaniya Baş nazirin müşaviri Dominik Kamminqsin karantin rejimini pozsa da, ictimai qınağa dirənc göstərə bilib. Dominik Kamminqs koronavirusa yoluxduğu halda valideynlərini ziyarət etməyə gedib. Bu isə,eyni arzusu olan,lakin qadağalara görə onu reallaşdıra bilməyən  ictimaiyyət arasında etirazlara səbəb olub. Baş nazirin müşavirinin hərəkətinə görə hökumət üzvü, dövlət naziri Duqlas Ross istefa verib.

 

“Politico” nəşrinin məlumatına görə, Duqlas Ross bu qərarını izah etmək üçün bildirib: “Əzizləri ilə vidalaşa bilməyən seçicilərim var; birlikdə yas tuta bilməyən ailələr; hökumətin qaydalarına əməl etdikləri üçün xəstə qohumlarını ziyarət etməyən insanlar var. Mən onların hamısının haqsız olduqlarını və hökumətin baş nazirin müşavirinin isə haqlı olduğunu söyləyə bilmərəm”.   D.Ross həmçinin qaydalara əməl edilməsində  “ikili standartların yolverilməz olduğunu” da xatırladıb.[5]

 

“Politico" nəşrinin məlumatına görə, Duqlas Ross bu qərarını izah etmək üçün yazıb: “Əzizləri ilə vidalaşa bilməyən seçicilərim var; birlikdə yas tuta bilməyən ailələr; hökumətin qaydalarına əməl etdikləri üçün xəstə qohumlarını ziyarət etməyən insanlar var. Mən onların hamısının haqsız olduqlarını və hökumətin baş nazirin müşavirinin isə haqlı olduğunu söyləyə bilmərəm”. 

   

Qaydaları pozan müşavirin israrla özünü nə əsasla müdafiə etməsi də maraqlıdır.  

 

Dominik Kamminqs(Dominic Cummings) öz uşağı və xəstə həyat yoldaşını  418 km məsafə uzaqlıqda yerləşən valideynlərinin yanına apardığını əsaslandıraraq, buna görə təəssüf hissi keçirmədiyini deyib.O, həmçinin könüllü şəkildə istefaya çıxmaq niyyətində olmadığını vurğulayıb. "Mənim istefa qərarımı yalnız  Baş nazir  verə bilər" deyən baş müşavir artıq valideynlərindən ayrı evdə yerləşdiyini söyləyib. O yaşadığı evin qarşısında keçirilən aksiya və təhqirlərdən,sosial şəbəkələrdə də özünə qarşı  hücum  çağırışlarından şikayətlənib. 

 

Avstraliyanın Yeni Cənubi Uels  (The New South Wales ) ştatının   Mədəniyyət naziri Don Harvin, qaydaları pozaraq, istirahət evində qaldığı üçün 1000 dollar cərimə edildikdən sonra istefa verib. Avstraliya hökuməti vətəndaşlarını Pasxa günü evində olmağa çağırdığı halda, Harvin şəhərkənarı  iqamətgahına gedib və qaydaları pozub. Don Harvin, istefa ilə bağlı verdiyi açıqlamada deyib ki, "Yaşayış yerimin problemə çevrilməsinə çox təəssüf edirəm. Koronavirus böhranı ilə mübarizədə hökuməti dəstəkləməkdən vacib bir şey yoxdur."    [6]

 

Polşanın Səhiyyə naziri  Lukaş Şumovski koronavirusla mübarizə layihələrində dostlarına və ailəsinə onunla əlaqələrdən istifadə edərək pul qazanmasına icazə verdiyinə dair ittihamlarla üzləşərək istefa verib.  Səhiyyə nazirliyinin, Polşada koronovirusdan mühafizə üçün tətbiq olunan   5 milyon zlotix məbləğində   maskanın standartlara cavab verməməsi, həmin sövdələşmənin vasitəçisinin səhiyyə nazirinin qardaşı olması,  bundan əlavə, Şumovski ailəsi ilə əlaqəli şirkətin dövlətdən müxtəlif layihələrdə 140 milyon zlotix aldığını aşkar edilib.[7]

 

Koronaviris səbəbindən səs-küylü istefalara digər misallar da var. Qananın baş nazirinin müavini   Carlos Kingsley Ahenkorah,virusla mübarizəyə qarşı qaydaları pozmasından sonra vəzifəsindən gedib. Belə ki, COVID-19 la bağlı  testi pozitiv çıxan nazir müavini, özünütəcrid müddəti bitmədən ictimai yerləri ziyarət edib[8].

 

Belə istefa halları da olub:  Hindistanın Gujarat ştatında nazirin oğlunu sosial özünütəcrid qaydalarının, komendant saatı qadağasını pozduğuna görə  Gujarat ştatının səhiyyə nazirinin oğlu və onun iki dostunu həbs edən polis qadın istefa verib. Mediada özünə təzyiqlər olduğundan istefa ərizəsi yazaraq bildirib:"Yuxarı rütbəli zabitlərimdən dəstək almadığım üçün istefa verdim. Mən yalnız  konstitusiya ilə müəyyən edilmiş vəzifə borcumu yerinə yetirirdim. Bu insanların (nazirin oğlu kimi) özlərini VVIP (çox vacib şəxslər) hesab etdikləri sistemimizin günahıdır." Onun  istefası  rəhbərlik tərəfindən qəbul edilməyib. Səbəbi belə izah edilib ki, istintaq hələ davam etdiyi üçün texniki baxımdan bu anda onun istefası qəbul edilə bilməz."  [9]

 

Azərbaycanda da pandemiyanın başladığı altı aydan sonra ilk rəsmi istefa baş verdi. Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı, parlamentin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzov xüsusi karantin qaydalarını pozduğuna görə 400 manat məbləğində cərimə olunub. Buna görə partiyanın Sədrinə   müraciət edərək onu partiyada tutduğu vəzifədən azad etmək barədə xahiş edib. İstefa qəbul edilib. [10]

 

Dünyada baş verən istefa hadisələrinin həmin ölkələrdə ictimai rəy tərəfindən təbii-obyektiv yanaşma kimi qəbul edilməsi nəzərə çarpır. Bununla müqayisədə Azərbaycanda toplumun bu məsələyə hüquqi dövlətdə qaydalara əməl edilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində adi və adekvat hal kimi qəbul edilməsi bir qədər fərqli-ajiotaj formatında qəbul edilir. Halbuki baş verənlər koronavirusa qarşı mübarizədə həyata keçirilən hüquqi normalara əməl edilməsi, Azərbaycanda hüquq sistemində islahatların təkmilləşməsi kontekstində dəyərləndirilməlidir.

 

Onu da qeyd etmək vacibdir ki, koronovirus bütün dünyada analoji problemlər, qaydalara əməl edilməsində eyni hüquqi presedentlərlə yanaşı, həmçinin, sosial-psixoloji amilləri də  ortaya çıxarıb. Yuxarıda sadalanan misallarda görünür ki, qaydalara görə cəzalandırılmalarda narazılıqlar hər yerdə rast gəlinir ki, bu da sözü gedən,pandemiya dövründə ilk dəfə baş verən  hüquqi presedentlərlə bağlıdır.  Baş verənlərə həmçinin ən azı həm də bu fərqli: sosial-psixoloji prizmadan baxmaq da mühüm məsələdir. Reallıqda isə, bütün dünyada qaydaların pozulmasına görə baş verən, adi hal alan istefa məsələsinin,yerli informasiya məkanında müşahidə edilən ifrat siyasiləşdirilmə meyilləri   normal sayıla bilməz.

 

Şəxsən   bizə, Yeni Zelandiyada virusla çətin lakin həm də,  uğurlu mübarizə fəaliyyətini təşkil edən Səhiyyə nazirinin bundan qat-qat asan olan sosial özünütəcrid qaydasına  əməl etməyib, istefaya getməsi- paradoks qədər də diqqət çəkici məqam kimi görünür. Bütün bunlar olduqca düşündürücü məsələlərdir. İki əsrlik yaşı olan transmilli “The Lancet " jurnalı məcburi təcridin psixoloji təsirləri ilə bağlı  dərc edilmiş 3166 elmi məqalədən  24-ünü  seçib, karantinin insanların psixoloji sağlamlığına təsiri ilə bağlı tövsiyə edib. Pandemiyanın əsas psixoloji nəticələrinin- sosial stress, həyəcan və  narahatlıq səviyyəsinin artmasında ifadə olunması vurğulanıb.   

 

İnsanların və ya toplumun qadağalara dözümlə bağlı psixoloji limit həddininmi olması, yaxud “Covid-dissidentlərin”ortaya çıxma səbəbləri təbii ki, hələ araşdırmaların mövzusu olacaq. “Vəba”əsərinin müəllifi A.Kamyuya görə: “Vəba ilə mübarizədə yeganə vasitə- məsuliyyətdir, vicdandır”deyimi əbədi resept kimi görünür.(“The only means to fight the plague is honesty.” (Albert Camus, 1947).

 

Karantində bizə təsir edən  əsas stressorlar kimi: karantinin müddəti;yoluxma qorxusu; qeyri-müəyyənlik,ümidsizik və darıxma; saglamlığı təminatı üçün tibbi vasitə çatışmazlığı; məlumatsızlıq, qeyri-adekvat kommunikasiya amilləridir. Bu baxımdan bütün ölkələrdə sosial-psixoloji dəstək xidmətləri də ön cəbhədədir. Azərbaycanda son illərdə əksər hallarda biznes məqsədi ilə yaradılan bəzi psixoloji qurumların potensialı deyilənlər baxımından “sıfıra” bərabərdir.  

Koronavirus dövründə psixoloji xidmətin dünyada ilk sıralarda olduğu ölkələrdə,əmin xidmətlərin “Teletibb” də daxil olmaqla tətbiq olunan geniş spektrinə baxmaq kifayətdir.

 

Pandemiyaların yol yoldaşımıza çevrildiyi deyilən hazırkı əsrdə yeni sosial davranış normalarını ənənəyə çevirə bilməmiz üçün karantinin sosial-psixoloji təsirləri və onun cəmiyyətdə aradan qaldırılması tədbirləri ilə bağlı konsepsiyanın hazırlanması  çox vacibdir. 

 

Yeni sosial davranış normaları isə toplum olaraq   bizim ən böyük qazancımız ola bilər.


[10] https://report.az/daxili-siyaset/siyavus-novruzov-yap-in-icra-katibinin-muavini-vezifesinden-istefa-verdi/ 

 

Tahirə Allahyarova

professor, STM-in İdarə Heyətinin üzvü, departament müdiri