https://www.zirve.edu.az/
26.02.2020 17:14
Bakı Ali Neft Məktəbində Xocalı soyqırımının anım tədbiri keçirilib

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bakı Ali Neft Məktəbinin rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və administrativ kollektivi Xocalı prospektində soyqırım qurbanlarının xatirəsinə ucaldılmış  “Ana fəryadı” abidəsini ziyarət ediblər.

 AzEdu.az xəbər verir ki, daha sonra Xocalı soyqırımının 28-ci il dönümünə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımının qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 Tədbirdə  çıxış edənlər bildirib ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı 20-ci əsrin ən dəhşətli insan faciələrindən biridir. Qeyd edilib ki, Xocalıda törədilmiş bu insanlıq əleyhinə cinayətə beynəlxalq siyasi və hüquqi qiymət verilməsi üçün Azərbaycan hökuməti tərəfindən bir çox qətiyyətli addımlar atılıb, soyqırımın dünya ictimaiyyətinə tanıdılması istiqamətində genişmiqyaslı işlər görülüb.

 Tədbirdə Bakı Ali Neft Məktəbinin İngilis dili və humanitar fənnlər mərkəzinin dosenti, Tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev Xocalı soyqırımının bütün tarixi təfərrüatları ilə bağlı tədbir iştirakçılarına məlumat verib.  

 Daha sonra “Müharibə uşaqları” filmi mümayiş olunub. 

 Xatırladaq ki, bütövlükdə, Xocalı faciəsi nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib. 1,275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirib.