Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-01 17:30:19
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət edənlərin sayı artıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində apreldə vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

BŞTİ-dən AzEDU.az-a bildiriblər ki, apreldə daxil olan 6994 müraciətin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.

Telefon Məlumat Mərkəzində 2075 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 2605 vətəndaş müraciəti daxil olub. Bundan başqa, 216 vətəndaş elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

Vətəndaşların Qəbulu Mərkəzində 1698 sənəd (vətəndaşlar tərəfindən 671 ərizə, Təhsil Nazirliyindən 178, digər qurumlardan 363, məktəblərdən 363 məktub, 44 strukturdaxili yazışma və 79 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 400 elektron müraciətə baxılıb.

Müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, birinci sinfə uşaqların qəbulu, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı, işə qəbul və digər məsələləri əhatə edib.

Apreldə, həmçinin BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirakı ilə paytaxtın beş rayonu (Yasamal, Səbail, Qaradağ, Nizami və Nərimanov) üzrə səyyar qəbullar keçirilib. Səyyar qəbul vasitəsilə müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan məsələlər araşdırılaraq operativ şəkildə həll olunub.