Şəki -Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 538 məzunu məktəbi fərqlənmə attestatı ilə bitirib.
Bu barədə AzEdu.az-a idarədən məlumat verilib.
Qeyd olunub ki, onlardan 343 nəfər ümumi orta təhsil səviyyəsi üzrə, 195 nəfər isə tam orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub.
Qeyd edək ki, fərqlənmə attestatı oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir.
Məzunlara tam orta təhsil və ümumi orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.
Onu da qeyd edək ki, 2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri elektron formatda təqdim olunur. 2026-cı il məzunları attestatlarını artıq myGov platformasından əldə edə bilərlər.
Attestatlar təhsil müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalandığı üçün hüquqi qüvvəyə malik rəsmi təhsil sənədləridir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, gücləndirilmiş elektron imza əl imzası ilə, elektron sənəd isə kağız daşıyıcıda olan sənədlə eyni hüquqi qüvvəyə malikdir.