https://www.zirve.edu.az/
29.01.2019 16:42
“Bağçalara Təhsil Nazirliyinin nəzarət etməsi çox yaxşı olardı” – Deputat  

AzEdu.az qapalı məkanlarda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin fəaliyyət normativləri, lisenziya verilmə qaydaları ilə bağlı məlumatları yayımlayıb. Bu normativlər Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixində qəbul etdiyi qərarda əksini tapıb.

Normativ hüquqi sənəddə göstərilib ki, bağçanın həyətyanı sahəsi 1 hektara yaxın olmalı, ətrafı aralarında 1 metr məsafə olmaqla kollarla əhatələnməlidir. Hüquqi sənədi nəzərə alsaq, hazırda kiçik binanın I mərtəbəsini icarəyə götürməklə açılan qapalı uşaq bağçalarının fəaliyyəti nə dərəcədə düzgündür və bu kimi hallara qarşı necə mübarizə aparmaq olar?

“Dövlət bəzi məsələlərdə özü bağçalara güzəştə gedir”

Mövzu ilə bağlı AzEdu.az-a danışan deputat Sona Əliyeva da təhsil müəssisələrinin sanitar, gigiyena və tikinti məsələləri ilə bağlı Nazirlər Kabinetinin ayrıca normativ hüquqi aktını qeyd edib. Bildirib ki, tikilən bağçaların bu normativlərə uyğun olması təsdiqlənməlidir:

“Bizdə dövlət bəzi məsələlərdə özü bağçalara güzəştə gedir. Çünki bizdə məktəbəqədər təhsil müəssisələrindəki uşaq sayı ümumi təhsilə cəlb olunanlarla uzlaşmır. Ümumtəhsil müəssisələrinə cəlb olunanlarıntəxminən,20-22 %-i məktəbəqədər təhsil alır. Buna görə də məktəbəqədər təhsil müəssisələrinə dövlət vergi güzəştləri edir. Onlar 10 il müddətinə vergidən də azaddırlar. Burada məqsəd məktəbəqədər təhsillə bağlı təminatı yaxşılaşdırmaq,  özəl sektorun dövlət sektoruna dəstək  olmasıdır. Belə olduqda, uşaqlar məktəbəqədər təhsillə təmin olunacaqlar. Hərkəsin təhsil hüququ var və bu, məktəbəqədər təhsilə də aiddir.

Normativ hüquqi akt yanaşmasından baxdıqda bu,dediklərinizdə həqiqət var. Çünki bağçalar mövcud qaydalara uyğun tənzimlənməlidirlər. Amma  mübarizə aparmaq sözünü bu halda çox da yaxşı hesab etmirəm. Çünki istənilən halda bu, valideynin seçimidir. O, bağçanı könüllü olaraq seçir. Bəlkə də bu, müsbət haldır. Çünki ən azından məktəbəqədər yaşlı uşaqların təhsillə təminatına müəyyən qədər dəstəkdir. Bu barədə hansısa mənfi rəy deyə bilmərəm. Amma təbii ki, normalara uyğun olsa, daha yaxşı olardı”.

“Bu müəssisələrin gələcəkdə Təhsil Nazirliyi tərəfindən akreditə olunması yaxşı olardı”

Deputat qanunvericiliyi nəzərə alaraq qeyd edib ki, bağçalar qapalı mühitdə fəaliyyət göstərə bilməzlər:

“Yəqin, dediyiniz bağçalar yarım günlükdür. Binaların həyətində bağçalar var. Amma onların da özünəməxsus yeri var. “Tədris mərkəzi” adı ilə açılanlar isə məktəbəqədər yaşlı uşaqlar üçün nəzərdə tutulan kurslardır. Onlar adətən yarımgünlük iş rejimində olurlar. Orada yemək, yatmaq kimi xidmətlər yoxdur. Əgər müəssisə yarımgünlük və ya bir neçə saatlıq rejimlə çalışırsa, burada heç bir qanunsuzluq yoxdur.

Hər bir halda  özəl və dövlət sektoruna metodik nəzarəti Təhsil Nazirliyi etməlidir. Bu müəssisələrin gələcəkdə Təhsil Nazirliyi tərəfindənakreditə olunması yaxşı olardı. Akkreditasiya qaydaları hazırlansa, özəl təhsil müəssisələri ona uyğun şəkildə fəaliyyət göstərər. Hazırda məktəbəqədər təhsillə bağlı hər hansı akreditasiya qaydaları müəyyən olunmayıb”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları