2026-cı il üzrə magistraturaya qəbul prosesində ixtisas seçimi edən bakalavrların sayı 15 716, ayrılmış plan yerlərinin sayı isə 17 688-dir. Statistikaya əsasən, plan yerləri ixtisas seçimi edənlərin sayından təxminən 2 min nəfər çoxdur.
Bu göstərici onu deməyə əsas verirmi ki, ixtisas seçimini düzgün aparan hər bir bakalavr magistraturaya qəbul olmaq şansı əldə edə bilər?
AzEdu.az-a mövzu ilə bağlı elm və təhsil eksperti Səbuhi Abdullayev danışıb.
Ekspert qeyd edib ki, bəzi hallarda bakalavrlar yüksək təhsil haqqı olan ixtisasa qəbul olmaqdansa, yenidən hazırlaşmağı üstün tuturlar:

“Qeyd etdiyiniz kimi, bu il plan yerlərinin sayı ilə sənədlərini təsdiq edənlərin sayı arasında təxminən 2 min nəfərlik fərq var. Təbii ki, ilk baxışdan belə görünə bilər ki, düzgün ixtisas seçimi aparılsa, hər kəs qəbul ola bilər.
Lakin burada başqa məqamlar da var. Əlavə qalan yerlərin əksəriyyəti regionlarda yerləşən ali təhsil müəssisələrində, özəl universitetlərdə və ya təhsil haqqı yüksək olan ixtisaslardadır. Buna görə də düzgün ixtisas seçimi dedikdə, hər bir bakalavr ilk növbədə yaşayış yerinə yaxın, büdcəsinə uyğun və maddi imkanları çərçivəsində təhsil ala biləcəyi universitetləri seçməyə çalışır.
Məsələn, hər hansı ixtisas üzrə boş yer qala bilər, lakin təhsil haqqı 3700 manat və ya daha yüksək olduğuna görə həmin bakalavr üçün bu seçim əlverişli olmur və o, ümumiyyətlə həmin ixtisası seçmir. Yəni bəzi hallarda namizədlər həmin ixtisasa qəbul olmaqdansa, qəbul olmamağı daha üstün tuturlar.
Bu səbəbdən də demək olmaz ki, düzgün ixtisas seçimi edilməyib. Əslində, hər kəs həm öz büdcəsinə, həm yaşayış yerinə, həm də maraq göstərdiyi ixtisaslara uyğun seçim edir. İstəmədiyi ixtisaslara sənəd vermək, həmin sahədə təhsil almaq və vaxt itirmək istəmir. Əksinə, yenidən hazırlaşaraq daha yüksək bal toplamaq və istədiyi ixtisasa qəbul olmaq məqsədini üstün tutur. Bu fərqin əsas səbəbləri də məhz bunlardır”.