Magistratura səviyyəsində dövlət sifarişi əsasında ayrılan yerlərin ixtisaslaşmalar üzrə bölgüsü və qəbul nəticələri açıqlanıb.
AzEdu.az-ın 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialları “Abituriyent” jurnalının 12-ci nömrəli nəşrinə istinadla verdiyi məlumata görə, bu il boş qalan 32 yer “Təbiət elmləri qrupu” daxilində Ekologiya ixtisaslaşması üzrə ən yüksək nəticə göstərən bakalavrlara verilib. Beləliklə, həmin tələbələr ödənişli əsasdan dövlət sifarişli təhsilə keçirilib.Məlumata görə, qəbuldan sonra Fizika üzrə 16, Geologiya üzrə 11, Kompüter elmləri üzrə 3, Mexanika üzrə 1 və Su bioehtiyatları və akvakultura üzrə 1 yer boş qalıb və bu yerlər Ekologiya ixtisaslaşması üzrə bölüşdürülüb.
Qəbul imtahanlarının nəticələrinə əsasən, ən yüksək keçid balları Hava nəqliyyatının hərəkətinin təşkili (74,0 bal), Davamlı inkişaf (71,0 bal) və Beynəlxalq ticarət və logistika (70,5 bal) ixtisaslaşmalarında qeydə alınıb.
Dövlət hesabına təhsil alanların ən çox olduğu ixtisaslaşmalar isə Kompüter elmləri (390 nəfər), İnformasiya texnologiyaları (388 nəfər), Pedaqogika (350 nəfər) və Kompüter mühəndisliyi (304 nəfər) olub.