Ötən gün magistraturaya qəbulun 3 dəfə şans imtahanı keçirildi. İmtahanda iştirak edənlərin sayı kifayət qədər çox olub. Bu mərhələ əsasən ikinci cəhd zamanı hava şəraiti ilə əlaqədar imtahanda iştirak edə bilməyən namizədlər üçün nəzərdə tutulsa da, bir çox bakalavr yenidən özünü sınamaq imkanı əldə edib.
Maraqlıdır, bu imtahan əvvəlki iki cəhddən hansı xüsusiyyətlərinə görə fərqlənirdi?
AzEdu.az-a açıqlama verən elm və təhsil eksperti, magistratura hazırlıq kursunun rəhbəri Səbuhi Abdullayev bildirib ki, imtahanın ümumi səviyyəsi və sual tipləri əvvəlki cəhdlərlə oxşarlıq təşkil edib.
Onun sözlərinə görə, ikinci cəhdin təkrarı kimi təşkil olunan magistraturaya qəbul imtahanının üçüncü dəfə keçirilməsi bakalavrlar üçün əlavə üstünlük yaradıb:
"Burada əsas məqsəd texniki səbəblər, əlverişsiz hava şəraiti və ölkədə keçirilən beynəlxalq tədbirlərlə əlaqədar müəyyən çətinliklərlə üzləşən bakalavrlara əlavə imkan yaratmaq idi. Dövlət İmtahan Mərkəzi humanist yanaşma nümayiş etdirərək ikinci cəhdin davamı kimi üçüncü dəfə də imtahan keçirdi".
Ekspert qeyd edib ki, imtahanda iştirak edənlərin sayının çox olmasının əsas səbəbi bakalavrların nəticələrini yaxşılaşdırmaq üçün özlərini yenidən sınamaq istəyi olub:
"Eyni zamanda elə bakalavrlar da var idi ki, topladıqları bal qəbul olmaq istədikləri ixtisaslar üçün kifayət etdiyindən növbəti imtahanda iştirak etmədilər. Hətta birinci cəhddə lazım olan və yetərli balı toplamış tələbələr də vardı. Mənim tələbələrim arasında da belə şəxslər olub və onlar üçüncü cəhddə iştirak etməyə ehtiyac duymayıblar".
S.Abdullayev vurğulayıb ki, imtahanların çətinlik səviyyəsi və fərqli xüsusiyyətləri baxımından ciddi dəyişiklik müşahidə olunmayıb:
"İmtahanın ümumi səviyyəsi və sual tipləri əvvəlki imtahanlarla oxşarlıq təşkil edirdi. Çətinlik səviyyəsi də demək olar ki, eyni idi. Bununla belə, yeni və maraqlı suallar da yer almışdı. Bu suallar iştirakçıları düşündürən və müəyyən qədər vaxt aparan tapşırıqlar idi. Ümumilikdə isə imtahanın səviyyəsi əvvəlki cəhdlərdən ciddi şəkildə fərqlənmirdi".