Azedu.az

94 bal topladı, nəticədən razı qalmadı: magistraturadan 100 balı HƏDƏFLƏYİR

Magistratura

16 İyun 2026, 10:18
94 bal topladı, nəticədən razı qalmadı: magistraturadan 100 balı HƏDƏFLƏYİR

Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirib.

Xatırladaq ki, Cəmilə Yusifova magistraturaya qəbul imtahanının ikinci cəhdində test mərhələsində 93,5 bal toplayaraq respublika birincisi olub.

O, AzEdu.az-a açıqlamasında bildirib ki, üçüncü imtahanda iştirak etməsinin əsas məqsədi uzun müddətdir qarşısına qoyduğu 100 bal hədəfinə çatmaq olub:

“Sizin də qeyd etdiyiniz kimi, əvvəlki imtahanlarda kifayət qədər yüksək bal toplamışdım. İkinci imtahanda essesiz 93,5 bal toplayaraq respublika birincisi oldum. Lakin bu yola başladığım gündən əsas məqsədim 100 bal toplamaq olub. Üçüncü cəhd imtahanlarının keçiriləcəyini öyrənəndə bunun mənim üçün bir fürsət olduğunu düşündüm və imtahanda iştirak etdim.

İmtahan mənim üçün çox yaxşı keçdi. Məntiq sualları əvvəlkilərlə müqayisədə nisbətən daha asan idi. İnformatikada isə daha çox çaşdırıcı suallar var idi. İmtahanlar arasındakı bir aylıq müddətdə biliklərimi daha da möhkəmləndirmişdim və imtahan mənə kifayət qədər asan gəldi.

İmtahandan çıxanda gözləntim 100 bal idi. Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi cavab şablonuna əsasən, test hissəsində 95 mümkün baldan 94 bal toplamışam. İtirilən bir bal isə mübahisəli hesab etdiyim məntiq sualı ilə bağlıdır. Sualın bir neçə düzgün həll yolu var və müxtəlif yanaşmalarla fərqli cavablar almaq mümkündür. Minlərlə tələbə eyni problemlə üzləşib. Belə hallarda adətən sual ulduzlu qəbul edilir. Müəllimlər və tələbələrlə birlikdə bununla bağlı Dövlət İmtahan Mərkəzinə müraciət etmişik və hazırda cavab gözləyirik”.

Cəmilə esse hissəsindən də maksimum nəticə gözlədiyini bildirib:

“Essedən gözləntim yenə də 5 baldır. Əgər müraciətlər müsbət nəticələnsə, yekun nəticəm 100 bal olacaq. İnanıram ki, Dövlət İmtahan Mərkəzi hər zaman olduğu kimi bu dəfə də tələbələr üçün ədalətli qərar verəcək.

Davamlı testlər işlədim və əsas diqqəti həll sürətimin artırılmasına yönəltdim. Məqsədim imtahanın sonunda suallara yenidən baxmaq üçün vaxt qazanmaq idi. Müəllimlərimin dəstəyi bu prosesdə mənim üçün çox önəmli oldu.

Gələcəkdə təhsilimi öz ixtisasım üzrə davam etdirməyi və xaricdə magistratura təhsili almağı hədəfləyirəm. Bu 9 aylıq hazırlıq prosesi mənə vaxtın idarə olunmasını, hadisələrə daha diqqətli və səbirli yanaşmağı öyrətdi. Ola bilər ki, gələcəkdə informatika və ya məntiq biliklərim azalsın, amma bu bacarıqlar hər zaman mənimlə qalacaq”.

Cəmilə Yusifova uğurun əsas sirrinin istedad deyil, zəhmət və intizam olduğunu düşünür:

“İstedad və şans uğurun sadəcə 10 faizidir. Qalan 90 faiz isə həmin uğura çatmağı nə qədər istəməyimiz və onun üçün nə qədər əziyyət çəkməyimizlə bağlıdır”, - deyə o vurğulayıb.

Bu ölkələrin ordusu Ermənistana girdi - Dəhşətli savaş hazırlığı...
Son xəbərlərDaha çox