Magistratura imtahanlarında müzakirə doğuran əsas məsələlərdən biri imtahan zamanı mobil telefonların təhvil verilməsi qaydasıdır. İmtahana tək gələn iştirakçılar üçün şəxsi əşyaların, xüsusilə telefonların təhlükəsiz saxlanması məsələsi narahatlıq yaradır.
Məsələni daha da aktuallaşdıran məqam imtahan iştirakçılarının yalnız gənc tələbələrdən ibarət olmamasıdır. Namizədlər arasında işləyən, müxtəlif yaş qruplarını təmsil edən şəxslər də var və bu səbəbdən gün ərzində telefonsuz qalmaq bir çoxları üçün əlavə çətinliklər yaradır.
Bu kontekstdə imtahan prosesində şəxsi əşyaların qəbulu və saxlanması mexanizminin daha sistemli və etibarlı şəkildə təşkil olunması ilə bağlı müzakirələr ara-sıra gündəmə gəlir.
AzEdu.az-a bu barədə açıqlama verən təhsil eksperti Məzahir Məmmədli qeyd edib ki, müəllimlər üçün keçirilən MİQ və sertifikasiya imtahanlarında olduğu kimi, magistratura imtahanlarında da şəxsi əşyalar üçün xüsusi saxlama yerləri nəzərdə tutulmalıdır:
“Magistratura üzrə hər iki cəhd imtahanı namizədin öz hesabına maliyyələşdirilir. Magistratura səviyyəsində hər bir namizəd 50 manat ödəniş edir. Bu 50 manat ödənişin tərkibinə namizədin özü ilə gətirdiyi əşyaların mühafizəsi və qorunması ilə bağlı Dövlət İmtahan Mərkəzinin öhdəliyi olmalıdır.
Magistratura imtahanında gecikmə və şəxsi əşyalar problemi ictimai narazılıq yaradır:
“Təsəvvür edin ki, bakalavr pilləsini bitirib magistratura imtahanına gələn şəxslər ciddi çətinliklə üzləşirlər. Onlar imtahan binasına buraxılmayan telefonlarını etibar etmək üçün ətrafdakı qəzet köşklərinə, mağazalara, eləcə də müxtəlif idarə və təşkilatlara müraciət etmək məcburiyyətində qalırlar. Dövlət İmtahan Mərkəzi (DİM) namizədlərin yaşadığı bu gərginliyi və narazılığı nəzərə almalı, şəxsi əşyaların saxlanılması məsələsini əvvəlcədən bir öhdəlik kimi öz üzərinə götürməlidir.
Təəssüf ki, bu il problem təkcə şəxsi əşyaların saxlanılması ilə məhdudlaşmadı. Magistratura pilləsi üzrə keçirilən ikinci cəhd imtahanları zamanı şəhərdə keçirilən kütləvi tədbirlər və eyni gündə yağan leysan yağışları ciddi infrastruktur problemləri yaratdı. Təbii şərait və tıxac səbəbindən imtahana gecikən yüzlərlə namizədin hüquqlarının bərpası ilə bağlı ciddi ictimai tələb formalaşdı.
Namizədlər imtahanda iştirak üçün 50 manat rüsum ödədiklərini və gecikmənin onlardan asılı olmayan səbəblərdən baş verdiyini əsas gətirirlər. Əllərində subasmış körpülərin və yollardakı sıxlığın video və foto sübutları olan tələbələr haqlarının tanınmasını, ən azı gecikənlər üçün yenidən növbədənkənar imtahan təşkil olunmasını tələb edirlər".