Artıq magistraturanın ikinci imtahanına sayılı günlər qalıb. Birinci imtahanda bir nəfər 96 bal toplayaraq yüksək nəticə göstərsə də, iştirakçılar imtahanın çətin olduğunu bildirirdilər.
Maraqlıdır, imtahana 10 gün qalmış hansı təkrar metoduna üstünlük verilməlidir? Ümumiyyətlə, bu müddətdə hazırlıq sistemi necə qurulmalı, hansı mövzulara daha ciddi diqqət yetirilməlidir? İmtahana az vaxt qalmış uğurlu təkrar strategiyası necə olmalıdır?
AzEdu.az-a mövzu ilə bağlı magistraturaya hazırlıq kursunun direktoru Rəşadət Şərifov açıqlama verib.
O bildirib ki, tələbələr imtahana son 10 gündə düzgün hazırlıq strategiyası seçsələr, nəticələrini əhəmiyyətli dərəcədə artıra bilərlər:
“Nəzərə alsaq ki, birinci imtahanda 23 min tələbə iştirak edib, onlardan bir qisminin yüksək bal toplaması ümumilikdə imtahanın asan olması anlamına gəlmir.
Eyni zamanda tələbələr arxayınlaşmamalıdırlar ki, birinci imtahanda vaxt aparan suallar çox olubsa, ikinci imtahanda hər şey asan olacaq. Adətən ikinci imtahanlarda da sualların çətinlik səviyyəsi birinci imtahana yaxın olur ki, ümumi balans qorunsun”.
Son günlərdə əsas diqqət sınaq imtahanlarına yönəldilməlidir:
“İmtahana 10 gün qalmış tələbələr bu məqamlara diqqət yetirsələr, ballarını xeyli artıra bilərlər. Mən hər zaman tələbələrimə də deyirəm ki, sınaq imtahanları mövzular qədər, bəlkə də ondan daha vacibdir. Bu sayılı günlərdə çalışıb hər hansı mövzunun içərisində itib-batmasınlar. Bunun faydasından çox zərəri ola bilər.
Son günlər daha çox ümumi təkrar sualları işləyə bilərlər. Son 4-5 gündə isə hər gün ən azı bir sınaq imtahanı işləmələri məqsədəuyğundur. Bu sınaqlar rahat şəkildə deyil, real imtahan vaxtına uyğun müddətdə həll edilməlidir. Çünki imtahanda biliklə yanaşı, vaxtı düzgün idarə etmək də çox vacibdir.
Qısaca desək, son 10 gündə panikaya ehtiyac yoxdur. Gecələri səhərə qədər oxumaq düzgün yanaşma deyil. İstirahət də çox önəmlidir. Mövzuları planlı şəkildə təkrar etmək, real imtahan mühiti və həyəcanı yaradaraq sınaqlar işləmək tələbələrin nəticələrini xeyli yüksəldə bilər”.