Maraqlıdır, magistratura imtahanına speaking mərhələsinin əlavə olunması ümumi nəticələrin daha da aşağı düşməsinə səbəb ola bilərmi?
AzEdu.az-a mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndiyev (Əfəndi) danışıb.
O qeyd edib ki, imtahana "speaking" mərhələsinin əlavə olunması ixtisaslar üzrə keçid ballarında dəyişiklik yaradaraq bəzi hallarda 4-5 bala qədər enməyə səbəb ola bilər:
“Magistraturaya qəbul prosesində essenin əlavə olunması bakalavrların imtahan nəticələrinə təsirsiz ötüşmədi. Son illərdə müşahidə edirik ki, ümumilikdə yüksək nəticə göstərən bakalavrların sayı, təəssüf ki, yoxdur, yəni maksimal nəticə əldə edənlər qeydə alınmır.
İndi isə speaking mərhələsinin də əlavə olunması, təbii ki, müəyyən dərəcədə nəticələrə təsir göstərəcək. Bu isə növbəti ildə magistratura istiqamətində ixtisaslar üzrə formalaşan keçid ballarına da təsir edəcək. Yəni ballarda minimum 1-2, maksimum isə 4-5 bala qədər enmə halları müşahidə oluna bilər.
Amma təbii ki, biz essenin yazılmasını, yəni bakalavrların yazı bacarıqlarını, eyni zamanda dinləmə və danışıq bacarıqlarını mütləq yoxlamalıyıq. Çünki magistratura elmi-tədqiqat istiqamətində təhsilin xüsusi bir mərhələsini təşkil edir”.
Bakalavrların xarici dil biliklərinin həm danışıq, həm yazı, həm də dinləmə üzrə yoxlanılması mühüm əhəmiyyət daşıyır:
“Bizim üçün vacib olan odur ki, magistr təhsili alan vətəndaşlarımız oxuduqları ixtisasla bağlı tədqiqat işlərini düzgün şəkildə aparsınlar. Onlar üçün ədəbiyyat vəsaitləri, yəni resurslar kifayət qədər əlçatan olmalıdır. Burada əlçatanlığın təmin olunması isə xarici dil biliyi ilə sıx bağlıdır.
Bilirsiniz ki, öz dilimizdə vəsaitlər o qədər də çox deyil. Buna görə də əsasən xarici mənbələrə üstünlük verilir. Xüsusilə ingilis və rus dillərində olan resurslara, eləcə də alman, fransız və digər dillərdə təqdim olunan vəsaitlərə. Ona görə də bakalavrların xarici dil biliklərinin həm danışıq, həm yazı, həm də dinləmə üzrə yoxlanılması mütləq vacibdir.
Qaldı ki, obyektiv qiymətləndirmənin aparılması məsələsinə, əlbəttə, burada qiymətləndirmə əsas əhəmiyyət kəsb edən amildir. Düşünürəm ki, Dövlət İmtahan Mərkəzi bu prosesə daha diqqətlə yanaşacaq və hər hansı bakalavrın qiymətləndirilməsində qeyri-obyektiv hallarla qarşılaşmayacağıq”.