Hər il magistratura səviyyəsinə qəbul prosesi çərçivəsində keçirilən qəbul imtahanlarının tarixləri bakalavrlar tərəfindən xüsusi diqqətlə izlənilir. Ənənəvi olaraq I cəhd imtahanı sabit şəkildə fevral ayında təşkil olunsa da, II cəhd imtahanının keçirilmə vaxtı illər üzrə dəyişkənlik göstərir və bəzən aprel, may, digər hallarda isə iyun ayına təsadüf edir.
Maraqlıdır, II cəhd magistratura imtahanının tarixinin hər il fərqli aylara təsadüf etməsinin əsas səbəbi nədir?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Dövlət İmtahan Mərkəzinə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, magistraturaya qəbul imtahanının II cəhdinin keçirilmə vaxtı bir neçə mühüm texniki və təşkilati amildən asılıdır:
"2024-cü ildən etibarən xarici dil fənni üzrə imtahan modelinə esse tapşırıqları əlavə edilib. Bu tapşırıqların markerlər tərəfindən yoxlanılması və qiymətləndirilməsi müəyyən vaxt tələb edir. Bu amil nəzərə alınaraq, II cəhd imtahanının iyun ayında və ya daha gec keçirilməsi məqsədəuyğun hesab edilmir.
Aprel və may ayları Dövlət İmtahan Mərkəzi üçün kütləvi imtahanların keçirildiyi ən sıx dövrdür. İl ərzində keçiriləcək bütün imtahanların qrafiki tərtib olunarkən hər bir kateqoriya üçün ən münasib və məqbul vaxtlar müəyyənləşdirilir.
Kağız formatda keçirilən imtahanlar üçün imtahan binalarının və digər resursların mövcudluğu nəzərə alınaraq imtahanlar həftə sonlarına təyin olunur. Son üç ilin təcrübəsinə əsasən, II cəhd imtahanı adətən aprelin sonu ilə mayın ortaları arasındakı dövrə təsadüf edir. Bu il də imtahan mayın 17-də təşkil olunacaq",-deyə DİM-dən məlumat verilib.