XƏBƏRLƏR

14.02.2020 14:15
FHN Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində təlim keçirib

Fevralın 14-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İctimaiyyətlə əlaqə idarəsinin və Dövlət Yanğından Mühafizə Xidmətinin birgə təşkilatçılığı ilə Bakı şəhəri Şüvəlan qəsəbəsindəki Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində yanğın təhlükəsizliyinə dair təlim keçirilib.

AzEdu.az xəbər verir ki, FHN-in müvafiq canlı qüvvə, texnika və avadanlığının cəlb edildiyi təlimin keçirilməsində məqsəd məktəbin kollektivinə yanğın zamanı davranış qaydalarının aşılanması, o cümlədən yanğın zamanı təxliyə prosesinin nümayiş olunmasıdır. Təlimdən əvvəl məktəbin müəllim və şagird kollektivinə yanğın təhlükəsizliyinə, eləcə də yanğın zamanı təxliyəyə dair müvafiq maarifləndirici məlumatlar verilib. Təlimdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğınsöndürən və təcili tibbi yardım dəstələri təlimatda nəzərdə tutulmuş müddətdə hadisə yerinə çatıb. Şərti yanğın baş vermiş məktəbdə təxliyə planına uyğun olaraq, şagird və müəllimlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, sinif otaqlarında qalmış məktəblilər xilas edilib, şərti xəsarət almış məktəblilərə ilkin tibbi yardım göstərilib. Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

FHN-in İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Məhbubə Mustafayeva çıxış edərək bildirib ki, təlim internat məktəbinin rəhbərliyinin müraciəti əsasında keçirilib. Təlimdə FHN-in Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və texnikası iştirak edir. Məqsəd fövqəladə hadisə baş verdikdə təxliyə zamanı təhlükəsizliyin təmin olunması, uşaqlara həyat fəaliyyətinin, təhlükəsizlik mədəniyyətinin aşılanmasıdır. Xüsusi internat məktəbində uşaqlar eşitmə və danışma əngəllidirlər. Əsas məqsəd odur ki, onlar təhlükəsizlik baxımdan özlərini necə müdafiə etmək lazım olduğunu bilsinlər. FHN bu məktəblə mütəmadi əməkdaşlıq edir və maarifləndirmə tədbirləri keçirir.

Bu cür tədbirlərin Bakıda və regionlarda da keçirildiyini vurğulayan M.Mustafayeva silsilə təlimlərin digər internat məktəblərində də təşkil olunmasının nəzərdə tutulduğunu qeyd edib.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı xüsusi internat məktəbinin direktoru Umnisə Nəcəfbəyova təlimin əhəmiyyətini xüsusi qeyd edərək bildirib: “Bu məktəbdə 200 şagird təhsil alır, onlardan 118-i burada qalır. Məktəbdəki şagirdlər eşitmə və nitq məhdudiyyəti olan uşaqlardır. Bu məktəbə uşaqlar tibbi-pedaqoji komissiyanın rəyi ilə qəbul olunurlar. Burada Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi olaraq tədbirlər keçirilir. Bu gün də belə bir vacib təlim uğurla başa çatdı. Bu təlim bütün uşaqlar, xüsusilə, sağlamlıq imkanları məhdud olanlar üçün vacibdir. Buna görə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına təşəkkür edirəm”.