Azedu.az

"İstedadlı olsan da, çalışmasan, heç nə əldə edə bilməyəcəksən" - III qrup üzrə LİDER

Dövlət İmtahan Mərkəzi

17 İyul 2026, 17:45
"İstedadlı olsan da, çalışmasan, heç nə əldə edə bilməyəcəksən" - III qrup üzrə LİDER

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 5 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Məmmədzadə Əli Musa oğlu isə hər iki mərhələnin cəminə görə 689.6 bal toplamaqla III ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərən abituriyentdir. Belə ki, o, imtahanın birinci mərhələsində 289.6 bal toplayıb.

AzEdu.az Əli Məmmədzadə ilə əlaqə saxlayaraq təəssüratlarını öyrənib.

Əli qeyd edib ki, buraxılış imtahanından 289.6 bal, qəbul imtahanının birinci cəhdindən 392.4 bal, ikinci cəhdindən isə 400 bal toplayıb:

"Müəllimlərimin mənim üzərimdə çox böyük zəhməti olub. Biz onların verdiyi gündəlik tapşırıqları yerinə yetirirdik. Nəticə də sonda özünü göstərdi. Həm məktəb, həm də repetitor dərslərini çatdırmaq üçün günün düzgün planlaşdırılması əsas şərtdir.

Əvvəlcə günü planlaşdırmaq lazımdır. Sonra dərsləri bölmək və həmin plan üzrə işləmək lazımdır. O planın öhdəsindən gəlmək çox önəmlidir. Yüksək nəticə əldə etmək üçün həm istedad, həm də zəhmət vacibdir. İkisi bir yerdə olmalıdır. Nə qədər istedadlı olsan belə, üzərində çalışmasan, heç nə əldə edə bilməyəcəksən. Ona görə də mütləq çalışmaq lazımdır".

Gələcək təhsil planlarından danışan Əli hələ yekun qərar vermədiyini bildirib:

"ADA Universiteti ilə Dövlət İdarəçilik Akademiyası arasında düşünürəm. Hələ son qərarımı verməmişəm.

Uğurumun əsas sirri məqsədli və planlı olmaqdır. İlk növbədə insanın bir hədəfi, bir məqsədi olmalıdır. Bir də insan özünə elə bir motivasiya tapmalıdır ki, ondan qopmasın".

Sosial şəbəkələrin hazırlığa mane olması fikri ilə razılaşmayan Əli bildirib ki, hər şey insanın özündən asılıdır:

"Mən sosial şəbəkələrdən çox istifadə etmirdim, amma imtahana hazırlaşmağa mane olduğunu düşünmürəm. İnsan vaxtını düzgün planlaşdırsa, hər şeyə vaxt ayıra bilər.

Düşünürəm ki, hər iki qəbul imtahanı eyni səviyyədə oldu. Birinci imtahanda bəzi texniki səhvlərim olmuşdu. Həmin səhvlərimi II cəhdə düzəltdim. Açığı imtahanın nə asan, nə çətin olduğunu düşünürəm. Məncə suallar orta səviyyədə idi.".

Ceyhun Bayramov Lavrovu MAT QOYDU - Ukrayna müharibəsini pislədi
Son xəbərlərDaha çox