Azedu.az

UNEC məzunu: Maliyyə ixtisası mənə analitik düşünməyi, rəssamlıq isə dünyaya fərqli baxmağı öyrədib

Ali təhsil

17 İyul 2026, 14:10
UNEC məzunu: Maliyyə ixtisası mənə analitik düşünməyi, rəssamlıq isə dünyaya fərqli baxmağı öyrədib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dünya iqtisadiyyatı ixtisası üzrə məzunu, hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankında çalışan, eyni zamanda, müəllimlik fəaliyyəti ilə məşğul olan Nəzrin Zeynallı peşəkar uğurlarını incəsənət sevgisi ilə birləşdirən gənclərdəndir. Onun qədim Misir mədəniyyətindən ilhamlanaraq yaratdığı “Kemet Blue” adlı rəsm əsəri ADA Universitetində keçirilən “Art for Cultural Diplomacy: Art, Power & Immortality” adlı beynəlxalq sərgidə nümayiş olunub.

Maliyyə sahəsində uğurlu karyera quran, gələcək maliyyəçilərin hazırlanmasına töhfə verən, eyni zamanda, uşaqlıqdan gələn rəssamlıq həvəsini peşəkar səviyyədə davam etdirən Nəzrin Zeynallı ilə təhsil yolu, müəllimlik fəaliyyəti, incəsənətə sevgisi və beynəlxalq sərgidə nümayiş olunan əsərinin hekayəsi haqqında müsahibəni təqdim edirik.

– Nəzrin xanım, əvvəlcə təhsil yolunuz və hazırkı fəaliyyətiniz haqqında danışardınız.

– Hazırda Mərkəzi Bankda Kapital bazarının fəaliyyətinə nəzarət departamentində çalışıram və işimi çox sevirəm. UNEC-də dünya iqtisadiyyatı ixtisası üzrə bakalavr təhsili almışam. Paralel olaraq, universitetimizin yaratdığı beynəlxalq ikili diplom proqramı çərçivəsində London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində mühasibat və maliyyə ixtisası üzrə bakalavr təhsili almışam. Daha sonra mənim üçün doğma olan UNEC-in MBA proqramında maliyyə ixtisası üzrə magistr dərəcəsi əldə etmişəm.

Pedaqoji fəaliyyətlə də məşğulam. UNEC-in SABAH qruplarında aktivlərin qiymətləndirilməsi, Xəzər Universitetində isə maliyyə idarəçiliyi fənlərini tədris edirəm.

Müəllimlik mənim üçün sadəcə bilik paylaşmaq deyil, gənclərin inkişaf yolunda onlara dəstək olmaq və onların uğurlarına şahidlik etməkdir. Bu gün dərs dediyim tələbələrin Mərkəzi Bankda həyata keçirilən “Maliyyəçisən” təcrübə proqramına qəbul olunması, eləcə də əvvəlki tələbələrimin Mərkəzi Bankın müxtəlif struktur bölmələrində peşəkar fəaliyyət göstərməsi mənim üçün qürur mənbəyidir. Hətta tələbələrimdən biri təcrübə proqramı çərçivəsində hazırda çalışdığım departamentdə təcrübə keçib. Onların peşəkar inkişafını və uğurlarını yaxından izləmək müəllim kimi mənə böyük motivasiya verir.

Ümummilli Lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikri mənim üçün sadəcə məşhur bir kəlam deyil, həm müəllimlik, həm də peşəkar fəaliyyətimdə rəhbər tutduğum dəyərlərdən biridir. İnanıram ki, müəllimin ən böyük uğuru yetişdirdiyi tələbələrinin uğurudur. Onların hər bir nailiyyəti mənim üçün ən dəyərli mükafatdır.

Peşəm maliyyəçi olsa da, rəssamlıq mənim üçün uşaqlıqdan həyatımın ayrılmaz hissəsidir. Hesab edirəm ki, maliyyə ixtisası analitik düşüncəni, incəsənət isə yaradıcılığı inkişaf etdirir. Bu iki sahənin vəhdəti mənə hadisələrə həm məntiqlə, həm də estetik baxışla yanaşmağa imkan verir.

– Maliyyə sahəsində uğurlu karyera qurmusunuz. Bəs rəssamlıq həyatınıza necə daxil oldu? İlk dəfə nə vaxt hiss etdiniz ki, bu sahəyə xüsusi istedadınız var?

– Rəssamlığa olan sevgim uşaqlıq illərimdən başlayıb. Mən Bakı Avropa Liseyində təhsil almışam və səmimiyyətlə deyə bilərəm ki, bu məktəb təkcə mənə bilik qazandırmayıb, həm də dünyagörüşümün, yaradıcı düşüncə tərzimin və şəxsiyyətimin formalaşmasında çox böyük rol oynayıb. Bu gün həyatda əldə etdiyim uğurlarda və həyata baxışımda Bakı Avropa Liseyinin xüsusi yeri var.

İkinci sinifdə oxuyarkən bizə yaradıcı tapşırıqlar verilirdi. Dərslikdə bir şəhidimizin portreti var idi. Mən şeiri dəftərimə köçürərkən həmin portreti də çəkməyə qərar verdim. Müəllimim dəftərimə baxdıqdan sonra təəccüblə “Bunu sən çəkmisən?” deyə soruşdu. Hətta əvvəlcə inanmadı. Həmin an ilk dəfə hiss etdim ki, məndə rəssamlığa xüsusi bir istedad var. Çünki çəkdiyim portret orijinala çox bənzəyirdi.

Sonrakı illərdə təsviri incəsənət dərslərinə xüsusi maraq göstərirdim. Görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadənin yaradıcılığı məni çox ilhamlandırırdı. Məktəbimizdə onun yaradıcılığına həsr olunmuş tədbirlər keçirilirdi və bizdən onun əsərlərindən ilhamlanaraq rəsmlər çəkməyimiz xahiş olunurdu. Balaca yaşlarımızdan yaradıcılığa təşviq olunmağımız incəsənətə olan sevgimi daha da gücləndirdi.

Sonralar universitet, iş həyatı və gündəlik məsuliyyətlər ön plana keçsə də, rəssamlıq heç vaxt məndən uzaq düşmədi. Fürsət tapdıqca yenidən rəsm çəkirdim.

Düşünürəm ki, bu istedadın genetik tərəfi də var. Anamın da rəsmə xüsusi qabiliyyəti var və yaradıcılığa olan sevgimin bir hissəsinin məhz ondan mənə keçdiyinə inanıram.

– Maliyyə və incəsənət ilk baxışdan fərqli sahələr kimi görünür. Siz bu iki istiqaməti həyatınızda necə uzlaşdırırsınız?

– İlk baxışdan maliyyə və incəsənət tamamilə fərqli sahələr kimi görünə bilər. Lakin mən bunun əksini düşünürəm. Maliyyə məndə sistemli düşünməyi, təhlil aparmağı və detallara diqqət yetirməyi formalaşdırıb. Rəssamlıq isə daxili hissləri ifadə etməyə, yaradıcılıqla düşünməyə və fikirlərimi rənglərin dili ilə çatdırmağa imkan verir.

Bu iki sahə bir araya gələndə maraqlı bir harmoniya yaranır. Çalışıram ki, rəsmlərim sadəcə vizual əsər olmasın, hər biri öz hekayəsini danışsın.

– Beynəlxalq sərgidə nümayiş olunan “Kemet Blue” əsərinin yaranma hekayəsi necə başladı? Bu əsərlə hansı mesajı çatdırmaq istəmisiniz?

– “Kemet” qədim Misirin özünə verdiyi addır və Nil çayının sahillərində yerləşən qara, məhsuldar torpaqlar mənasını ifadə edir. Əsərin fonunda istifadə etdiyim qara qrafik elementlər məhz bu anlayışa istinad edir.

“Blue” isə əsərin mərkəzində yer alan qədim Misirin ən mühüm simvollarından biri olan mavi lotus çiçəyini ifadə edir. Lotus qədim Misir mədəniyyətində həyatın, yenilənmənin və dirçəlişin rəmzi hesab olunurdu.

Əsərin aşağı hissəsində heroqliflərlə “Kemet” sözü yazılıb. Daha yuxarıda Nil çayını, onun üzərində isə Giza piramidasını təsvir etmişəm. Tarixi mənbələrə görə, Giza piramidası ilk inşa edildiyi dövrdə ağ əhəngdaşı ilə örtülü olub və zirvəsində qızılı piramida daşı yerləşib. Mən də əsərimdə onun məhz ilkin görünüşünü canlandırmağa çalışmışam.

Bundan əlavə, əsərdə qədim Misir sivilizasiyasına aid lotus motivlərindən, heroqliflərdən və Horusun gözü kimi simvollardan istifadə etmişəm. Hər bir detal müəyyən məna daşıyır və Misirin zəngin mədəni irsinə ehtiramın ifadəsidir.

“Kemet Blue” keçmişlə bu gün arasında qurulan bədii dialoqdur. İnanıram ki, incəsənət xalqları, mədəniyyətləri və insanları bir-birinə yaxınlaşdıran ən güclü vasitələrdən biridir. Bu baxımdan belə bir beynəlxalq sərgidə iştirak etmək və əsərimi təqdim etmək mənim üçün həm peşəkar, həm də mənəvi baxımdan dəyərli təcrübə oldu.

TƏCLİ! Rusiyada qarşıdurma - Əhali etirazlara başladı
Son xəbərlərDaha çox