Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 5 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
Belə ki, hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə 690 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyent isə Sumqayıt şəhəri 35 saylı orta məktəbin məzunu Kərimov Zamin Ramin oğludur.
AzEdu.az Zamin Kərimovla əlaqə saxlayaraq təəssüratlarını öyrənib.
O, qeyd edib ki, bu nəticəni özündən gözləyirmiş:
"Hazırlıq prosesində bütün blok fənləri üzrə repetitor yanına gedirdim, çox çalışırdım və bəhrəsini də gördüm. İmtahan nəticələrinin çıxdığını elə indi öyrəndim və bu sevinci ilk olaraq evdə ailəmlə bölüşdüm.
Gələcəkdə maliyyə ixtisası üzrə təhsil almaq istəyirəm. Universitet olaraq isə Bakı Ali Neft Məktəbi (BANM) və ya ADA Universitetini seçməyi planlaşdırıram. Bu universitetləri özüm üçün araşdırmışam və düşünürəm ki, maliyyə sahəsi üçün ən uyğun iki məkandan biridir. İndi ailəmlə və yaxınlarımla bir az da məsləhətləşib, yekun dəqiq qərarımı verəcəm".
"Yüksək bal toplamaq üçün sosial şəbəkələrdən tamamilə uzaqlaşmaq lazım olduğu fikri ilə razı deyiləm"
"Mənim öz şəxsi telefonum var idi, sosial şəbəkələrdən də istifadə edirdim və normal həyatıma davam edirdim. Yəni istəyəndə hər şeyə vaxt ayırmaq mümkündür; həm sosial şəbəkədə olmaq, həm də yüksək bal toplamaq olar. Amma bununla yanaşı, dərslərimə də çox zaman ayırırdım. Gündəlik məşğələlərdən qalan vaxtlarda, xüsusən də axşamlar evə gəldikdən sonra əlavə 4-5 saat dərs oxuyurdum.
Qəbulun hər iki mərhələsində iştirak etmişəm. Fənlər üzrə elə bir çətinliyim yox idi, sadəcə birinci imtahanda riyaziyyatda bir az vaxt itirdiyimə görə nisbətən aşağı nəticəm oldu, lakin ikinci imtahanda bu səhvi düzəltdim.
Gələcəkdə yüksək bal toplamaq istəyən abituriyentlərə tövsiyəm odur ki, çox çalışsınlar. Ən əsası isə özlərinə inansınlar, çünki bu yolda uğurun əsas şərti inanmaqdır".