Azedu.az

91 bal toplayan müəllim namizədi: "Əziyyətimin qarşılığını aldım"

MİQ

17 İyul 2026, 13:26
91 bal toplayan müəllim namizədi: "Əziyyətimin qarşılığını aldım"

"Yüksək nəticə əldə etməyimin əsas səbəbi çox çalışmaq və davamlı test işləmək oldu".

Bu sözləri MİQ imtahanında fizika müəllimliyi üzrə 91,25 bal toplayan namizəd Ayşən Şirinova AzEdu.az-a açıqlamasında bildirib.

"Fizika müəllimliyi üzrə MİQ imtahanında 91,25 bal topladım. Bu, MİQ imtahanında ikinci iştirakım idi. Ötən il 77,5 bal toplamışdım, lakin seçim mərhələsində iştirak etməmişdim. Bu il isə daha yüksək nəticə əldə etdim.
İmtahan çox şəffaf keçirildi və suallar tamamilə proqrama uyğun idi. Buraxdığım səhvlər də daha çox mexaniki səhvlər oldu. Ümumilikdə imtahan mənim üçün uğurlu keçdi və bu nəticəni gözləyirdim.

Bakalavr təhsilimi Bakı Dövlət Universitetində, magistratura təhsilimi isə yüksək enerjilər ixtisası üzrə başa vurmuşam. Hazırda pedaqoji fəaliyyətlə məşğul olmuram. Gələcəkdə müəllim kimi Bakı şəhərində fəaliyyət göstərmək istəyirəm.

Bəzi namizədlər fizika fənni üzrə sualların çətin olduğunu qeyd etsələr də, düşünürəm ki, burada əsas amil hazırlıq səviyyəsidir. Mən gecə-gündüz çalışmışam, həm ixtisas, həm də metodika üzrə çox oxumuşam və davamlı olaraq test tapşırıqları işləmişəm. Əziyyətimin qarşılığını aldığımı düşünürəm.

İmtahan proqramdan kənar suallar ehtiva etmirdi. Düşünürəm ki, kifayət qədər hazırlaşan hər bir namizəd bu sualların öhdəsindən gələ bilərdi".

TƏCLİ! Rusiyada qarşıdurma - Əhali etirazlara başladı
Son xəbərlərDaha çox