Azedu.az

“Bütün əyləncələri ikinci plana atmışdım” - Qəbuldan maksimum bal toplayan Aydan

İmtahanlar və qəbul məsələləri

17 İyul 2026, 17:46
“Bütün əyləncələri ikinci plana atmışdım” - Qəbuldan maksimum bal toplayan Aydan

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 5 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni - 400 balı 3 nəfər toplayıb.

Onlardan biri də Şəmkir rayonu Kür qəsəbə orta məktəbinin məzunu Məmmədova Aydan İxtiyar qızıdır.

AzEdu.az Aydan Məmmədovayla əlaqə saxlayaraq təəssüratlarını öyrənib.

O yuxusuz gecələr gözümün önündən sanki bir kino lenti kimi gəlib keçir:

“400 bal toplamaq əslində heç də asan olmadı. Bu yolda çox əziyyət çəkdim. Yuxusuz gecələrim, valideynlərimin əziyyəti, müəllimlərimin zəhməti... Bunları deyəndə həm çox həyəcanlanıram, həm də özümlə qürur duyuram. O yuxusuz gecələr gözümün önündən sanki bir kino lenti kimi gəlib keçir.

Əslində hədəfim 700 bal idi. Amma buraxılış imtahanında dinləmə hissəsində yaranan texniki çətinliyə görə istədiyim nəticəni əldə edə bilmədim və 300 bal toplaya bilmədim.

Amma sonra düşündüm ki, heç nə son deyil. Hər bir uğurun arxasında müəyyən məğlubiyyətlər, çətinliklər dayanır. Ona görə də özümü toparladım. Psixoloji cəhətdən bir düşkünlük yaşamışdım, amma bunun öhdəsindən gəldim. Birinci blok imtahanında 395.5 bal topladım. Sonra ikinci blok imtahanında da iştirak etdim və nəhayət, 400 bal topladım. O 400 balı görmək həqiqətən çox qürurverici idi. Bu hissi sözlə ifadə etmək çox çətindir. Nə qədər çalışsam da, yaşadığım qüruru sözlər tam ifadə edə bilmir”.

Sosial şəbəkələrdən uzaq olan bir şagird olmuşam:

“Suallar ümumilikdə üç qrupa bölünürdü: çətin, orta və asan səviyyəli. Yəni hər tipdən suallar var idi. Çətinlik baxımından da keçənilki imtahandan elə də fərqlənmirdi. Birinci və ikinci imtahan arasında da ciddi bir çətinlik fərqi hiss etmədim. Ümumilikdə normal səviyyədə imtahan idi. Bəli, bu nəticə üçün gecə-gündüz çalışmışam.

Universitet seçimini hələ tam olaraq müəyyənləşdirməmişəm, amma ixtisasımı artıq seçmişəm. Hüquqşünaslıq ixtisasını düşünürəm. Növbəti hədəfim bakalavr təhsilimi uğurla başa vurmaq və daha sonra magistr təhsili almaqdır. İnşallah, ya Azərbaycanda nüfuzlu universitetlərdən birində, ya da xaricdə təhsilimi davam etdirmək istəyirəm. Amma hələlik bunu tam dəqiqləşdirməmişəm. Hazırda bütün diqqətimi bakalavr təhsilinə yönəltmişəm.

Sosial şəbəkələrdən xüsusi istifadə etdiyim bir platforma olmayıb. Amma YouTube-dan dərslə bağlı, təhsil məqsədilə istifadə etmişəm. Ümumiyyətlə isə sosial şəbəkələrdən uzaq olan bir şagird olmuşam, demək olar ki, istifadə etməmişəm. Sadəcə limitli şəkildə YouTube-dan istifadə edirdim. Bir də Telegram qrupunda var idim. Oradan gündəlik dərslərlə bağlı məlumatlar paylaşılırdı, onları izləyirdim. Həmçinin respublika olimpiadasının üçqat medalçısıyam”.

İmtahana hazırlaşarkən bir çox əyləncələrimi ikinci plana atmışdım:

“Abituriyentlərə tövsiyəm odur ki, sosial şəbəkələrdən limitli şəkildə istifadə etsinlər, özlərinə müəyyən məhdudiyyətlər qoysunlar. Çünki imtahan prosesində bəzi şeylərdən müvəqqəti də olsa uzaq qalmaq lazımdır. Mən, məsələn, bir çox əyləncələrimi ikinci plana atmışdım. Məqsədimə çatana qədər bütün diqqətimi dərsə yönəltmişdim.

Düşünürəm ki, məqsədyönlü şəkildə çalışmaq çox vacibdir. Mənə görə əsas məsələ kəmiyyət deyil. Yəni çox dərs oxumaqdan daha vacibi keyfiyyətli oxumaqdır. Bir dərsi beş dəfə səthi oxumaqdansa, bir dəfə tam mənimsəyərək oxumaq daha məqsədəuyğundur. Ona görə də tövsiyəm budur ki, planlı işləsinlər, məqsədlərini əvvəlcədən müəyyənləşdirsinlər və həmin istiqamətdə ardıcıl şəkildə irəliləsinlər”.

Ceyhun Bayramov Lavrovu MAT QOYDU - Ukrayna müharibəsini pislədi
Son xəbərlərDaha çox