"Ötən il 42 bal toplamışdım, bu il isə nəticəmi 89,5 bala yüksəltdim".
Bu sözləri MİQ imtahanında fizika müəllimliyi üzrə 89,5 bal toplayan namizəd Şəbnəm Pirvəliyeva AzEdu.az-a açıqlamasında bildirib.
"İmtahan ümumilikdə normal keçdi. Suallar nə çox çətin, nə də çox asan idi, orta səviyyədə idi. Əslində özümdən daha yüksək nəticə gözləyirdim, lakin imtahan həyəcanının nəticəmə müəyyən qədər təsir etdiyini düşünürəm. Buna baxmayaraq, topladığım baldan razıyam.
Azərbaycan Dövlət Pedaqoji Universitetini ötən il bitirmişəm. Hazırda magistratura təhsili almıram və pedaqoji fəaliyyətlə məşğul olmuram.
MİQ imtahanında ikinci dəfə iştirak edirəm. Ötən il 42 bal toplamışdım. Bu il isə daha yüksək nəticə əldə etməyim mənim üçün sevindiricidir və hazırlığın, təcrübənin mühüm rol oynadığını göstərir.
Gələcəkdə müəllimlik fəaliyyətimi Bakı şəhərində davam etdirmək istəyirəm. Ümid edirəm ki, topladığım bal istədiyim məktəbdə çalışmağıma imkan verəcək".