“Azərbaycan müəllimləri süni intellektdən istifadəyə görə ilk sıralardadır"
AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov qeyd edib.
"Süni intellekt texnologiyalarının təhsildə tətbiqi zamanı əsas məqsəd müəllimlərin bu imkanlardan düzgün istifadə etməsini təmin etməkdir.
Texnologiya gəlir və bu texnologiya mövcuddur deyə biz çalışmalıyıq ki, hər bir müəllimin həmin alətə çıxışı olsun. Buna görə də “Rəqəmsal Məktəb” platformasında sırf təhsil üçün nəzərdə tutulan, Azərbaycan təhsil standartlarını və metodoloji yanaşmaları anlayan süni intellekt alətləri hazırladıq. Məqsədimiz müəllimin kənar resurslardan deyil, məhz bu platformada təqdim olunan, Azərbaycan təhsil sisteminə uyğunlaşdırılmış alətlərdən istifadə etməsidir.
OECD-nin müxtəlif ölkələr üzrə apardığı araşdırmalarda təhsil işçilərinin, pedaqoqların süni intellektə münasibəti və ondan istifadə səviyyəsi öyrənilib. Azərbaycan dünyada birinci yerdə deyil, amma yuxarı sıralardadır. Azərbaycan müəllimləri süni intellektdən kifayət qədər geniş istifadə edirlər.
Əlbəttə, süni intellektdən istifadə edərək dərs hazırlamaq mümkündür. İlkin mərhələdə müəllim bir düymə ilə müəyyən materialları əldə edib dərs planı hazırlaya bilər. Burada əsas məsələ müəllimin bu alətdən necə istifadə etdiyidir".
Müəllim şagirdin süni intellektdən istifadə etdiyinə görə ona aşağı qiymət verməməlidir:
"Əgər şagird hazır təqdimatdan istifadə edib öz fikrini ifadə edə bilmirsə, qiymətləndirmə də buna görə aparılmalıdır. Burada məsələ süni intellektdən istifadə etmək deyil, həmin məlumatı necə mənimsəmək və təqdim etməkdir.
Bəzən deyirlər ki, uşaqlar süni intellektdən istifadə edib testlərin cavablarını tapacaq, düşünməyəcək və tənbəlləşəcəklər. Bu, süni intellektdən sui-istifadədir. Əsas məsələ uşağa süni intellekt dövründə düşünməyi, analiz etməyi və əldə etdiyi məlumatı tətbiq etməyi öyrətməkdir.
Şagirdlərdən yalnız hazır məlumatı yadda saxlamaq deyil, həmin məlumatı təhlil etmək, əlaqələndirmək və praktikada tətbiq etmək bacarığı tələb olunmalıdır".