"Təhsildə əsas hədəf fərdilikdən komanda işinə keçiddir".
AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Nazir bildirib ki, təhsil islahatlarının əsas mahiyyəti məktəblərdə “mən və mənim şagirdim” yanaşmasından “biz nə edə bilərik” düşüncə tərzinə keçidin təmin edilməsidir. Onun sözlərinə görə, bu dəyişiklik fərdi fəaliyyət deyil, komanda işi və kollektiv məsuliyyət üzərində qurulmalıdır.
Emin Əmrullayev qeyd edib ki, məktəblərdə müxtəlif fənn müəllimlərinin bir araya gələrək şagirdlərin inkişafı barədə müzakirələr aparması və qarşılıqlı təcrübə mübadiləsi çox vacibdir. Nazir vurğulayıb ki, müəllimlərin bir-birinin dərslərini dinləməsi və pedaqoji təcrübəni paylaşması təhsilin keyfiyyətinə birbaşa təsir göstərir.
Onun sözlərinə görə, aparılan sorğular göstərir ki, müəllimlərin bir hissəsi digər həmkarlarının dərslərində iştirak etmir və bu, sistemdə qarşılıqlı öyrənmə mədəniyyətinin hələ də tam formalaşmadığını ortaya qoyur. Nazir əlavə edib ki, bu sorğuların məqsədi cəza və ya mükafat deyil, mövcud vəziyyətin obyektiv təhlilidir.
Emin Əmrullayev bildirib ki, müəllimlər arasında əməkdaşlıq məktəbin ümumi nəticələrinin yüksəlməsində əsas amillərdən biridir və məktəb yalnız fərdi siniflərdən ibarət deyil, vahid təhsil mühiti kimi formalaşmalıdır.
Nazir vurğulayıb ki, sistem üçün əsas hədəf yalnız yüksək nəticə göstərən fərdi şagirdlər deyil, ümumilikdə bütün şagirdlərin keyfiyyətli təhsilə çıxışının təmin edilməsidir. Onun sözlərinə görə, hər il yüksək bal toplayan şagirdlərin mövcudluğu sevindirici olsa da, əsas məqsəd bütün məktəblərdə tədris keyfiyyətinin yüksəldilməsidir.