"İxtisasımı çox sevirəm və daimi müəllim olana qədər bu yoldan vaz keçməyəcəyəm".
Bu sözləri MİQ imtahanında fizika müəllimliyi üzrə 85 bal toplayan namizəd Fidan Xanlarova AzEdu.az-a açıqlamasında bildirib.
"Fizika müəllimliyi üzrə MİQ imtahanında 85 bal topladım. Bakı Dövlət Universitetində həm bakalavr, həm də magistratura təhsili almışam. Orta məktəb illərindən fizikaya böyük marağım olub və bu gün də ixtisasımı böyük sevgi ilə davam etdirirəm.
İxtisas fənni üzrə isə əsasən müstəqil hazırlaşmışam. Hesab edirəm ki, hər bir müəllim öz ixtisasını dərindən mənimsəməli, özünə uyğun öyrənmə üsullarını müəyyənləşdirməlidir.
İmtahanın sualları mənə görə proqrama uyğun və rahat idi. Buraxdığım səhvlər əsasən diqqətsizlikdən qaynaqlandı. Daha yüksək nəticə əldə edə biləcəyimi düşünürəm. Bununla belə, topladığım bal mənim üçün sevindiricidir.
Bundan əvvəlki illərdə də MİQ imtahanında iştirak etmişəm və 79-80 bal aralığında nəticələr əldə etmişəm. İnanıram ki, uğurun əsas sirri ixtisasını sevmək və əzmlə çalışmaqdır. Daimi müəllim kimi fəaliyyət göstərənədək bu yoldan vaz keçməyəcəyəm. Bu il istədiyim nəticəni əldə etməsəm belə, yenidən hazırlaşacağam.
Hazırda iki illik pedaqoji stajım var və Bakı şəhərində müddətli müqavilə əsasında müəllim kimi fəaliyyət göstərmişəm. Gələcəkdə də müəllimlik peşəsini sevərək davam etdirmək niyyətindəyəm".
Bu sözləri MİQ imtahanında fizika müəllimliyi üzrə 86,25 bal toplayan namizəd Aytən Quliyeva AzEdu.az-a açıqlamasında bildirib.
"Hazırda Bakı şəhərində müəllim kimi fəaliyyət göstərirəm. İşlədiyim məktəb yaşayış yerimdən uzaq olduğu üçün gələcəkdə evimə daha yaxın ərazidə yerləşən məktəblərdən birində çalışmaq istəyirəm.
MİQ imtahanında ilk dəfə iştirak etmirəm. Müəllim kimi fəaliyyət göstərdiyim məktəbə 81 balla qəbul olunmuşdum. Bu dəfə daha yüksək nəticə əldə etdiyim üçün çox sevinirəm.
Həm bakalavr, həm də magistratura təhsili almışam. Bundan əlavə, riyaziyyat üzrə ixtisasartırma təhsilim də var. İmtahanda bir daha şahid oldum ki, fizika fənni üzrə yüksək nəticə əldə etmək üçün riyazi biliklər mühüm rol oynayır və bu iki sahə bir-biri ilə sıx əlaqəlidir.
İxtisas sualları mənə kifayət qədər rahat gəldi. Buraxdığım səhvlər isə əsasən mexaniki xarakter daşıyırdı. Düşünürəm ki, bu, sualların çətinliyindən deyil, diqqət amilindən qaynaqlanırdı.
Mənə görə, MİQ imtahanında uğur qazanmağın əsas şərti daim öz üzərində işləməkdir. Namizədlər davamlı şəkildə hazırlaşmalı, həm ixtisas biliklərini, həm də əlaqəli sahələr üzrə biliklərini inkişaf etdirməlidirlər. Bu zaman yüksək nəticə əldə etmək daha mümkün olur".