Azedu.az

"Rəqəmsal Məktəb" platforması region məktəblərində də tətbiq olunacaq

Orta təhsil

15 İyul 2026, 15:37
"Rəqəmsal Məktəb" platforması region məktəblərində də tətbiq olunacaq

"“Rəqəmsal Məktəb” platforması region məktəblərində də tətbiq olunacaq".

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, platforma 2025-ci ilin sentyabrından Bakı məktəblərində istifadəyə verilib və hazırda müəllim, şagird, valideyn və məktəb rəhbərlərini vahid sistemdə birləşdirir.

“Platformada istifadəçilər tərəfindən yaradılan məlumatlar əsasında müxtəlif süni intellekt həlləri hazırlayırıq və tətbiq edirik. 2026-cı ilin fevral ayından etibarən müəllimlər üçün bir neçə süni intellekt həlli təqdim olunub. Müəllimlərə dərs planlarının hazırlanması, dərslərin qurulması üçün süni intellekt əsaslı alətlər istifadəyə verilib”,-  deyə Vüsal Xanlarov qeyd edib.

Onun sözlərinə görə, tədris ilinin sonuna yaxın şagirdlər üçün də süni intellekt əsaslı mentor istifadəyə verilib.

“Bu həllər bizə imkan verir ki, eyni platformada həm şagirdlər, həm də müəllimlər üçün faydalı alətlərin sayını artıraq və süni intellekt əsaslı imkanların istifadəsini genişləndirək”,-  deyə o bildirib.

Vüsal Xanlarov “Rəqəmsal Məktəb” platformasının ilkin nəticələrinə də toxunub. O qeyd edib ki, əsas üstünlüklərdən biri məktəb idarəçiliyinin elektron müstəviyə keçirilməsidir.

“Bir çox sənədləşmə artıq elektron qaydada həyata keçirilir. Bu isə məktəb rəhbərləri, müəllimlər və təhsil sahəsində qərar qəbul edən şəxslərə məlumatlar əsasında qərar vermək imkanı yaradır”.

İdarə rəisi bildirib ki, Bakı məktəblərində kağız jurnallar artıq ləğv edilib:

“Müəllimlər bütün qeydləri və qiymətləndirmə nəticələrini elektron jurnala daxil edirlər. Məktəb rəhbərləri də əmrləri elektron sistem vasitəsilə “Rəqəmsal Məktəb” platformasında verirlər. Bu, həm kargüzarlığın təkmilləşdirilməsinə, həm də məlumatların daha düzgün idarə olunmasına imkan yaradır”.

TƏCİLİ! İrəvanın mərkəzində atışma - Nə baş verir?
Son xəbərlərDaha çox