Azedu.az

Daha bir namizəd MİQ-dən yüksək nəticə QAZANDI

MİQ

16 İyul 2026, 17:34
Daha bir namizəd MİQ-dən yüksək nəticə QAZANDI

"Əziyyət çəkən insan bunun bəhrəsini mütləq görür".

Bu sözləri MİQ imtahanında 91,25 bal toplayan tarix müəllimliyi üzrə namizəd Xəyalə Əliyeva AzEdu.az-a açıqlamasında bildirib.

"Bu gün tarix müəllimliyi üzrə MİQ imtahanında iştirak etdim və 91,25 bal topladım. Bu, mənim MİQ müsabiqəsində ikinci iştirakımdır. İlk növbədə ailəmə və üzərimdə böyük əməyi olan müəllimlərimə təşəkkürümü bildirmək istəyirəm.

Tarix müəllimliyi mənim ikinci ali təhsilimdir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix müəllimliyi ixtisasını bitirmişəm. İlk ali təhsilimi isə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya ixtisası üzrə almışam. Magistratura təhsilim yoxdur.

İmtahan şəffaf və çox yaxşı təşkil olunmuşdu. Suallar nə çox çətin, nə də həddindən artıq asan idi, orta səviyyədə hazırlanmışdı. Kurikulum sualları da mənim üçün rahat oldu. Düzünü desəm, bu nəticəni qarşıma məqsəd qoymuşdum, lakin 91,25 bal toplayacağımı gözləmirdim. Hazırda da həyəcanım keçməyib.

Bu nəticənin arxasında böyük zəhmət dayanır. Həm çalışır, həm oxuyurdum. Eyni zamanda ailə qayğıları və övladlarımla da məşğul olurdum. Buna baxmayaraq, məqsədimdən vaz keçmədim və davamlı olaraq hazırlaşdım. Hesab edirəm ki, öz üzərində çalışan və məsuliyyətli yanaşan hər bir müəllim yüksək nəticə əldə edə bilər.

Əmin oldum ki, əziyyət çəkən insan bunun bəhrəsini mütləq görür. Bu nəticə də mənim üçün çəkdiyim zəhmətin qarşılığıdır".

Rusiyada azərbaycanlılara hücum başladı- Kreml Bakıya diş qıcayır
Son xəbərlərDaha çox