2026-cı ilin 17 iyul tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfər çərçivəsində Sıfır Atık Vakfında olub.
AzEdu.az xəbər verir ki, MDU-nun nümayəndə heyətini Sıfır Atık Vakfının Mütevelli Heyəti və İdarə Heyətinin sədri Samed Ağırbaş qəbul edib.
Görüşün əsas məqsədi tullantıların yaranmasının qarşısının alınması və azaldılması, karbon emissiyasının minimuma endirilməsi, təbii resurslardan səmərəli istifadə, təkrar emal mədəniyyətinin inkişaf etdirilməsi və dairəvi iqtisadiyyat prinsiplərinin universitet mühitində tətbiqi istiqamətində Fondun beynəlxalq təcrübəsindən, metodoloji yanaşmalarından və institusional əməkdaşlıq imkanlarından faydalanmaq olub.
Görüşdə MDU-nun nəzdində fəaliyyət göstərən Davamlı Enerji və Mühəndislik Sistemləri Tədqiqatları İnstitutunun xətti ilə sıfır tullantı modelinin formalaşdırılması, kampus ərazisində tullantıların çeşidlənməsi və idarə olunması sisteminin təkmilləşdirilməsi, enerji və su resurslarından qənaətlə istifadə, karbon izinin ölçülməsi və azaldılması, ekoloji göstəricilərin monitorinqi, eləcə də tələbə və əməkdaşların ekoloji təşəbbüslərə cəlb edilməsi məsələləri müzakirə olunub.
Tərəflər universitet kampusunda sıfır tullantı yanaşmasının mərhələli şəkildə tətbiqi, birgə layihə və maarifləndirici proqramların, təlimlərin və seminarların təşkili, ekoloji layihələrin hazırlanması, müvafiq təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Rektor Anar Eminov Mingəçevir Dövlət Universitetində həyata keçirilən institusional inkişaf prosesində ekoloji məsuliyyətin və resursların səmərəli idarə edilməsinin əsas istiqamətlərdən biri olduğunu bildirib. Rektor qeyd edib ki, universitetdə tullantıların idarə olunması, enerji səmərəliliyinin artırılması, karbon izinin azaldılması və ekoloji davranış mədəniyyətinin formalaşdırılması ilə bağlı təşəbbüslərin vahid sistem əsasında həyata keçirilməsi nəzərdə tutulur.
Anar Eminov Sıfır Atık Vakfının bu sahədə formalaşdırdığı təcrübənin öyrənilməsinin Mingəçevir Dövlət Universitetində ölçülə bilən ekoloji göstəricilərə əsaslanan idarəetmə mexanizmlərinin qurulmasına, kampus infrastrukturunun təkmilləşdirilməsinə və tələbələrin yaşıl bacarıqlarının inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb.
Sıfır Atık Vakfının sədri Samed Ağırbaş Mingəçevir Dövlət Universiteti ilə birgə layihələrin yaxın gələcəkdə icrasının mümkünlüyünə əminliyini bildirib. O, gənclərin ekoloji məsuliyyət, şüurlu istehlak və resurslardan səmərəli istifadə prinsipləri əsasında yetişdirilməsinin uzunmüddətli nəticələr yaratdığını qeyd edərək, Mingəçevir Dövlət Universitetinin bu istiqamətdə nümayiş etdirdiyi təşəbbüskarlığı yüksək qiymətləndirib.
Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti Azərbaycan universitetləri arasında ilk dəfə olaraq sıfır tullantı modeli üzrə Sıfır Atık Vakfı ilə birbaşa institusional əməkdaşlıq imkanlarının müzakirəsinə başlayıb. Bu təşəbbüs universitetdə ekoloji idarəetmənin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, kampusun resurs səmərəliliyinin artırılması və ətraf mühitə təsirin ölçülə bilən göstəricilər əsasında azaldılması baxımından yeni mərhələnin əsasını qoyur.