"Müəllim daim öz üzərində işləməli, öyrəndiklərini analiz etməli və məntiqi şəkildə mənimsəməlidir".
Bu sözləri MİQ imtahanında fiziki tərbiyə fənni üzrə 97,5 bal toplayan namizəd Rufan Süleymanov AzEdu.az-a açıqlamasında bildirib.
"Hazırda 147 nömrəli Texniki-Humanitar Fənlər Liseyində və 177 nömrəli tam orta məktəbdə müəllim kimi fəaliyyət göstərirəm. Eyni zamanda, Vətən müharibəsi veteranıyam. Müharibədən qayıtdıqdan sonra ilk dəfə MİQ imtahanında iştirak etdim və 60 ballıq sistem üzrə 52 bal topladım. Üç il müəllim kimi fəaliyyət göstərdikdən sonra yenidən özümü MİQ imtahanında sınamaq qərarına gəldim.
2024-cü ildə respublika üzrə ən yüksək nəticələrdən birini göstərərək 96,75 bal topladım və ikinci iş yerimə qəbul olundum. Bu il sertifikasiya imtahanında 57 bal toplasam da, daha yüksək nəticə əldə etməyi hədəfləyirdim. Elə buna görə də yenidən MİQ imtahanında iştirak etdim və 97,5 bal topladım. Bu nəticə gözləntilərimi doğrultdu. Növbəti hədəflərimdən biri təmayül məktəblərində fəaliyyət göstərməkdir. Bununla bağlı artıq qeydiyyatdan keçmişəm və ümid edirəm ki, həmin məktəblərdə çalışmaq imkanım olacaq.
2021-ci ildən etibarən MİQ prosesinin içindəyəm və deyə bilərəm ki, bu il həm ixtisas, həm də metodika sualları mənə kifayət qədər rahat gəldi. Əvvəlki illərlə müqayisədə sualların daha sadə olduğunu düşünürəm. Bunun səbəblərindən biri də illərdir öz üzərimdə davamlı şəkildə işləməyim və biliklərimi daim inkişaf etdirməyimdir. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunuyam. 2009-cu ildə ali təhsil müəssisəsinə qəbul olmuşam. İxtisasım təkmübarizlik fakültəsinin Atletika ixtisası istiqaməti üzrədir.
Mənə görə, yüksək nəticə əldə etməyin sirri davamlı inkişafdan keçir. Müəllim yalnız məlumatı əzbərləməklə kifayətlənməməli, onu analiz etməyi və praktikada tətbiq etməyi bacarmalıdır. Hər hansı bir mövzunu öyrənərkən onun yalnız nəzəri tərəfini deyil, praktik tərəflərini də araşdırmaq vacibdir. Mən özüm də daim əlavə mənbələrdən, videomateriallardan istifadə edərək biliklərimi dərinləşdirməyə çalışıram.
Bu gün metodika sualları da əvvəlki illərdən fərqli olaraq daha çox məntiqə əsaslanır. Buna görə də namizədlər əzbərçilikdən uzaq olmalı, öyrəndikləri məlumatları beyinlərində emal etməli və əlaqələndirməlidirlər. Hesab edirəm ki, daim öz üzərində çalışan və məntiqi düşünmə bacarıqlarını inkişaf etdirən müəllimlər uğur qazana bilərlər".