"İmtahana gecə-gündüz demədən hazırlaşırdım".
Bu sözləri MİQ imtahanında coğrafiya müəllimliyi üzrə 90,5 bal toplayan namizəd Günay Şükürova AzEdu.az-a açıqlamasında bildirib.
Günay Şükürova qeyd edib ki, imtahan ona üçün asan keçməyib:
"Suallar arasında daha rahat cavablandırılanlar olsa da, çətinlik yaradan tapşırıqlar da var idi. Buna baxmayaraq, imtahanın sonunda bu nəticəni gördükdə çox sevindim və hətta topladığım bala ilk anda inanmaqda çətinlik çəkdim. Bu nəticənin arxasında uzun və zəhmətli hazırlıq prosesi dayanır. İki övladımla yanaşı, gecə-gündüz hazırlaşmışam və məqsədimə çatmaq üçün əlimdən gələni etmişəm.
Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavr, Sumqayıt Dövlət Universitetində isə magistratura təhsili almışam.Mənə görə, MİQ imtahanında uğur qazanmağın əsas sirri davamlı çalışmaqdır.
Namizədlər son iki-üç ayı xüsusilə səmərəli dəyərləndirməli, mütəmadi olaraq test tapşırıqları işləməli və sınaq imtahanlarında buraxdıqları səhvləri təkrar nəzərdən keçirməlidirlər. Qeydlər aparmaq və həmin qeydləri mütəmadi təkrarlamaq da yüksək nəticə əldə etmək baxımından çox önəmlidir.
Hesab edirəm ki, əzm, planlı hazırlıq və davamlı çalışma yüksək nəticənin əsas açarlarından biridir".