XƏBƏRLƏR

19.09.2019 15:35
Prezident təqaüdçülərinin elmi fəaliyyətə cəlb edilməsi üçün iş aparılır  

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev 2019/2020-ci tədris ilinin tələbə qəbulu imtahanlarında ən yüksək nəticələr göstərmiş və Prezident təqaüdünə layiq görülmüş Hüquq fakültəsinin tələbələri ilə görüşüb.

BDU-dan AzEdu.az-a bildirilib ki, universitetin 100 illiyinin tamamında onun bir üzvünə çevrilməyin şərəfindən danışan rektor Prezident təqaüdçülərini təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.

Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın təhsilə və elmə göstərdikləri diqqət və qayğıdan danışan rektor Elçin Babayev təqaüdçü tələbələrin savadlı, elmli, bacarıqlı bir mütəxəssis kimi yetişəcəklərinə, fəaliyyətlərində vətənpərvərlik, dövlətçilik prinsiplərini əsas tutacaqlarına, eyni zamanda, Bakı Dövlət Universitetinin adına hər zaman şərəf və şöhrət gətirəcəklərinə inandığını söyləyib.

Elçin Babayev universitetin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, təhsil, tədqiqat, innovasiya, sosial həyat və beynəlxalq əlaqələrin daha da təkmilləşdirilməsinin əsas hədəf kimi müəyyənləşdirildiyini diqqətə çatdırıb. Bildirib ki, elm və təhsilin inteqrasiyası, elmi potensialın gəncləşdirilməsi, gənc nəslin hələ tələbəlik illərindən tədqiqata yönləndirilməsi məqsədilə, yüksək balla universitetə qəbul olunmuş və araşdırmaya xüsusi maraq göstərən tələbələrin, o cümlədən Prezident təqaüdçülərinin elmi fəaliyyətə cəlb edilməsi istiqamətində bir sıra islahatlar və intensiv işlər aparılır.

Cari tədris ilində universitetin bir çox yeniliklər etdiyini vurğulayan rektor təhsilin forma və məzmununda dəyişikliklər aparıldığını, bir çox fənlərin proqramlarının dövlətin elm və təhsil sahəsində siyasətinə və əmək bazarının tələbatına uyğun olaraq yenidən işləndiyini, elm və təhsilin əlaqəsini daha da artırmaq məqsədilə elmi-tədqiqat institutları, mərkəzlər və laboratoriyaların əməkdaşlarının tədris prosesinə cəlb edildiyini bildirib. Tələbələrin tədris təcrübələrinin müvafiq elmi mərkəzlərdə təşkili, elmi tədqiqatların və təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə bir sıra laboratoriyaların və auditoriyaların əsaslı təmiri, müasir cihaz və avadanlıqlarla təchiz edilməsi istiqamətində də müvafiq işlər görülüb.

Rektor yataqxana binasının yenidən qurulduğunu, tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün yeməkxana kompleksinin müasir standartlara cavab verən vəziyyətə gətirildiyini və keyfiyyətli qida ilə təmin edildiyini də diqqətə çatdırıb.

Tələbələrə imtahan sessiyası, onun təşkili və keçirilmə formaları haqqında məlumat verən Elçin Babayev bildirib ki, istək və arzuları, təklif və problemləri olacağı təqdirdə Əsas tədris binasında qoyulmuş xüsusi qutu və universitetin rəsmi bsu.edu.az saytının “Tələbədən rektora” bölməsi vasitəsilə yazılı müraciət edə bilərlər.

Sonra elm və innovasiyalar üzrə prorektor Aydın Kazımzadə, tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor İradə Əliyeva, rektorun humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri Əliş Ağamirzəyev tələbələri təbrik edib, uğurlar arzulayıblar.

Tələbələr adından çıxış edən Prezident təqaüdçüsü Seyidbəyim Hüseynova görüş və səsləndirilən dəyərli fikirlər üçün təşəkkürünü bildirib.

İlin gənc müəllimi-Müraciət formu