Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-17 16:10:00
“Uşaqlar növbəti dərsi də mənim keçməyimi istədilər” – MİQ-dən məktəbə-TƏƏSSÜRATLAR  

Artıq yeni dərs ilinin ikinci gününü yaşamaqdayıq.  Bu günlər kimiləri üçün ilk dərs, kimiləri üçün də ilk iş günü kimi yaddaşlara yazılmaqdadır.

AzEdu.az  MİQ-də yüksək nəticə göstərən müəllimlərlə həmsöhbət olaraq, onların  ilk iş günü ilə bağlı təəssüratlarını öyrənməyə çalışıb:

189 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəhla  İbrahimova dəfələrlə MİQ-də iştirak etsə də uğur qazana bilməyib. Nəhayət, bu il arzusuna çatan Şəhla müəllim sevincini çətinliklə sözə tökdü:

“İmtahanda topladığım 59 bala uyğun Bakı 189 saylı tam orta məktəbdə işə başladığım üçün çox xoşbəxtəm. Birinci dəfədir ki, müəllim kimi sinfə daxil olacağam.  

Əvvəl dəfələrlə çalışsam da, yaxşı nəticə əldə edə bilməmişdim. Ona görə də, bu gün sevincimin həddi-hüdudu yoxdur.

Məktəbdə istər direktor, istər müəllimlər məni yaxşı qarşıladılar. Sevincimi sözlə ifadə edə bilmirdim. Uşaqların bəziləri ilə ilk dəfə kitablar paylanan zaman tanış olduq.  Dərslərimi fəal təlim üsulları üzərində quracağam. Kurikulumu dərsimdə düzgün tətbiq edəcəyimə inanıram.

“Müəllim şagirdi savadı ilə qarşılayıb, səmimiyyəti ilə yola salır”

Mingəçevir şəhər, İ.Zeynalov adına 2 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Mahir Ələkbərov uzun müddət repetitor kimi fəaliyyət göstərsə də, heç zaman məktəbdə dərs deməyib. Elə buna görə də, ilk dərs günü onun üçün bir qədər həyəcanlı keçib:

“Məktəbdə ilk işim olduğu üçün bir az həyəcanlı idim. 2009-cu ildən kurslarda  repetitor kimi çalışsam da, məktəbdə heç işləməmişəm. Əvvəl buna ehtiyac da görməsəm də, sonradan müəyyən səbəblərdən qərarımı dəyişməli oldum. MİQ-də də ilk iştirakım idi. Sadəcə öz üzərimdə çalışaraq, imtahanda 58 bal topladım. Belə nəticə gözləmirdim. Monitorda 58 balı gördükdə belə əvvəl inanmadım. Nəzarətçidən həmin nəticənin mənə aid olub-olmadığını soruşdum. O təsdiqlədikdən sonra 58 bal topladığıma inandım.

İlk gün dərs keçməsək də uşaqlarla tanış olduq. Bundan sonra dərs müddətində də, repititorluqda tətbiq etdiyim fəal-interaktiv üsullardan istifadə edəcəyəm. Müəllim şagirdi savadı ilə qarşılayıb, səmimiyyəti ilə yola salır. Mən də bunu tətbiq edəcəyəm”.

“Uşaqlar növbəti  dərsi də mənim keçməyimi istəyirdilər”

215 saylı tam orta məktəbin kimya müəllimi Vəfa Kərimli ilk dərs günündən şagirdləri ilə dostlaşa bilib. Hələ dərs cədvəli tam hazır olmasa da uşaqlar növbəti dərsi də Vəfa müəllimin keçməsini istəyiblər:

“5 il Bərdə məktəbində müəllim işləmişəm. Bu müddət ərzində daim özümə məxsus üsullarla dərs keçmişəm. Yeni işə başladığım məktəbdə daim öz üzərimdə çalışaraq, uşaqlara kimyanı sevdirməyin yeni üsullarını tapacağam. 

İlk gün sadəcə uşaqlarla tanış olduq. Çox xoş təəssüratlarla evə qayıtdım. Uşaqlar gələn dərsi də mənim keçməyimi istəyirdilər. Kimyanı hamı sevməsə də bu fənnə marağı artırmaq üçün əlimdən gələni edəcəyəm. Əvvəlki işimdə də daim öz üzərimdə çalışırdım. Kimyanın daha rahat öyrənilməsi üçün kitabım da çapdan çıxıb”.