https://www.zirve.edu.az/
07.09.2018 13:10
MİQ imtahanı ilə bağlı tükənmək bilməyən irad və təkliflər, “həvəsləndirmə! arzusu - AzEdu.az-ın ən yaxşı “onluq”undan VI yazı  
Çap et

MİQ imtahanlarının I (Test) mərhələsi: İradlar və təkliflər” mövzusunda yazıların qəbulu başa çatıb.

İlkin olaraq bizə göndərilən yazılar ekspertlər qrupu tərəfindən qiymətləndirilib. Ən yüksək qiymətləndirilən 10 yazı seçilib. 2 gün ərzində həmin  yazılar  saytda paylaşılacaq, sonra isə AzEdu.az portalının sorğu panelində səsverməyə təqdim ediləcək. Bu zaman oxucuların həmin yazılara daxil olub oxumaq və daha sonra bəyəndiklərinə səs vermək imkanı da olacaq.

Beləliklə, səsvermədə ən çox səs toplayan 3 yazı ayın qalibi elan ediləcək. Müəllif müəllimlər isə portal tərəfindən “Ayın müəllimi” elan olunmaqla, rəmzi mükafatla mükafatlandırılacaqlar.

Ekspertlər tərəfindən seçilən ən yaxşı 10 yazını sıra ilə oxuculara təqdim edəcəyik.

Mövzu ilə əlaqəli yazılan növbəti  məqalənin müəllifi Hacıqabul rayonu Kolani kənd tam orta məktəbin müəllimi  Nağıyev  Müşfiqdir:  

“Mən 2015-ci ildə MİQ imtahanından yüksək bal toplayaraq, ucqar kənd məktəbinə işə qəbul olunmuşam. Şəffaf formada təşkil olunan imtahandan keçməyimə baxmayaraq,  MİQ-lə bağlı mənim də irad  və təkliflərim var: 

Əvvəla, imtahandan sonra hansı suallara səhv və düz cavab verdiyimizi bildirmirlər. Biz sadəcə,  neçə düz və səhv sual yazdığımızı bilirik. İmtahanda humanitar fənlər üzrə məntiq suallarının salınması düzgün deyil. Bu, texniki fənlərdə tətbiq olunsa, gözəl olar. Müsahibə mərhələsində bir çox namizədlər ağır sınağa çəkildiklərindən şikayətlənirlər, yəni namizədləri çətinliyə salırlar. Bəzən zəif cavab verən namizədlər müsahibədən keçirilir, gözəl cavab verənlər isə müsahibədən kəsilirlər.

İmtahan başlamazdan əvvəl elan olunur ki, düşdüyü yerdən imtina edənlər ikinci tura buraxılmayacaq və 1 il MİQ-də iştirak etmək hüququndan məhrum ediləcək. Lakin sonda bunların heç birinə əməl olunmadığını görürük - imtina edənlər ikinci tura da, müddətli müqavilə mərhələsinə də buraxılır. Hələ üstəlik, növbəti ildə yenə MİQ-də iştirak edir. Verilən qərarların tez-tez dəyişdirilməsi insanlarda inamsızlıq yaradır.

Bir təklifim odur ki, MİQ vasitəsilə ucqar məktəblərə tətbiq olunan həvəsləndirmə pulunun verilməsi müddətsiz olsun.

İmtahan məntəqələrinin də təkcə Bakıda keçirilməsi də narazılıq yaradır. Necə olur ki, ali məktəblərə qəbul imtahanları bölgələrdə təşkil edilir, amma MİQ imtahanları yox?

Növbəti təklifim isə odur ki, imtahana girən namizədlər hamısı eyni vaxtda imtahan versinlər. Günün müxtəlif saatlarında imtahan verənlər çıxıb həyətdə o biri namizədlərə sualları deyir və ya sosial şəbəkələrdə yazırlar.

Bundan başqa isə, Diaqnostik Qiymətləndirmədən keçərək topladığımız balla MİQ-də iştirak etmək istəyidir. Necə olur ki, MİQ-də iştirak etmiş müəllim ikinci tura, üçüncü müddətli müqavilə mərhələsinə də buraxılır və üstəgəl, onun balı iki il qüvvədə qalaraq növbəti ildə də həmin balla MİQ imtahanına girmədən vakansiya seçimində iştirak edir, amma DQ balı ilı yalnız yerdəyişmədə iştiraka icazə verilir. Təklif edirəm, DQ balı ilə də MİQ-də iştirak etməyə şərait yaradılsın.

Bir də, işəqəbul imtahanlarında ayrılan vaxt azlığından narazıyam. Texniki fənlər üçün verilən vaxt cox azdır, bəs etmir. Son təklifim isə odur ki, MİQ imtahanlarını Dövlət İmtahan Mərkəzi həyata keçirsin.