https://www.zirve.edu.az/ http://unec.edu.az/unec-de-4-ilde-iki-diplom-udid-proqrami/
2021-06-15 12:12:00
Azərbaycan Respublikası Təhsil İnstitutu əməkdaşlığını genişləndirir

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) “Bacarıq əsaslı təhsil yolunda Sinqapurun təhsil şirkətləri ilə əməkdaşlıq” adlı vebinar təşkil edib.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, tədbirin moderatoru, ARTİ-nin Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov Sinqapurun təhsil şirkətləri ilə həm riyaziyyat, həm də təbiət fənləri üzrə proqram və dərsliklərin təkmilləşdirilməsi istiqamətində əməkdaşlığın davam etdiyini bildirib. Onun sözlərinə görə, əməkdaşlıq çərçivəsində Sinqapurun Marşel Kavendiş İnstitutu ilə riyaziyyat fənni üzrə 10 təlim keçirilib. Təlimlərin bir hissəsi dərsliklər, bir hissəsi isə kurikulumlar üzrə təşkil olunub. Təlimlərdə ARTİ ilə yanaşı, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin nümayəndələri, mütəxəssislər, müəlliflər iştirak ediblər. Həmçinin Sinqapurun “Alston” nəşriyyat evi ilə təbiət fənni üzrə dərsliklərin təkmilləşdirilməsi üçün 6 təlim keçirilib.

 

Mənsur Məhərrəmov qeyd edib ki, bacarıq əsaslı təhsil yolunda görülən işlər dövlət strategiyasına uyğun şəkildə icra olunur. Hələ 2000-ci illərin əvvəllərində həyata keçirilən məzmun islahatları və kurikulum yenilənmələri indi də tədris resurslarının təkmilləşdirilməsi prosesi ilə davam edir.

 

Vebinarın spikeri, təbiət fənləri üzrə mütəxəssis Yalçın İslamzadə bildirib ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası təhsilalanların XXI əsrə hazırlanmasını və bunun üçün onlara səriştə əsaslı təhsil verməyi nəzərdə tutur. Səriştə əsaslı təhsil alan şəxs həm bilik, həm də bacarıqlarını real həyatda tətbiq etməyi bacarmalıdır.

 

Yalçın İslamzadə çıxışında orta təhsildə elmin qarşısına qoyulan yüksək tələblərdən danışıb. Vurğulayıb ki, hazırda bacarıq əsaslı dərslik hazırlayarkən ənənəvi təhsillə müasir təhsilin maraq əsaslı bacarıqlarına dayanan dərsliklər arasındakı fərqlərə nəzər yetirilir. Bunun üçün öncəliklə beynəlxalq tendensiyalara əsasən tədris resursları analiz edilir, boşluqlar tapılaraq onları doldurmaq üçün yeni kurikulumlar dizayn edilir. Həmçinin dərsliklər, iş dəftərləri, müəllimlər üçün metodik vəsaitlər seçilmiş pilot məktəblərdə icra edilir, daha sonra gələn rəylərə əsasən yenidən qiymətləndirmə və təkmilləşdirmə işləri aparılır.

 

Tədbirin digər spikeri, riyaziyyat fənni üzrə mütəxəssis Vüqar Musayev vurğulayıb ki, Sinqapurdakı təhsil və nəşriyyat şirkətlərinin indiyə qədər hazırladığı təhsil məhsulları dünya tərəfindən qəbul olunub. Sinqapurdan olan şagirdlər mühüm beynəlxalq bilik yarışlarında, qiymətləndirmələrdə yüksək nəticələr göstərib. Bunu nəzərə alaraq Azərbaycanda da sözügedən sahədə uğurlu nəticələrin əldə edilməsi üçün Sinqapurla birgə effektiv fəaliyyət həyata keçirilir. Şagirdlərin aldıqları bilikləri yalnız nəzəri səviyyədə deyil, həm də praktik cəhətdən istifadə edə bilməsi üçün beynəlxalq təcrübənin nəzərə alınması zəruridir.

 

Sinqapurlu mütəxəssislərlə əməkdaşlıq zamanı yerli mütəxəssislərin təhlilləri və təklifləri yüksək qiymətləndirilib. Hazırda həyata keçirilən məzmun islahatları Sinqapur dərsliklərinin tərcüməsi deyil, dünya təcrübəsinə malik mütəxəssislərin praktikasına əsaslanaraq beynəlxalq standartlara uyğun gələn vəsaitlərin hazırlanmasıdır. Təkmilləşdirmə işləri zamanı yalnız Sinqapurun deyil, dünya ölkələrinin də təhsil sahəsində uğurlu nəticələri nəzərə alınır.

 

Tədbirin sonunda vebinar iştirakçılarının sualları cavablandırılıb.

 

Təhsil proqramlarının və tədris resurlarının yenilənməsi prosesi haqqında ictimaiyyəti məlumatlandırmaq üçün vebinarlar davam edəcək.